BAKI,VOA Orxan Qədirzadə
İsrail ordusu 2024-cü ilin yanvarında Qəzza zolağında 5 yaşlı fələstinli Hind Rəcəb və ailəsinin olduğu avtomobilə atəş açıldığını ilk dəfə etiraf edib və hadisə ilə bağlı cinayət araşdırmasının başlanacağını açıqlayıb.
Hind Rəcəb 29 yanvar 2024-cü ildə ailəsi ilə birlikdə Qəzzanın Təl əl-Həva bölgəsindən çıxmağa çalışarkən avtomobilə atəş açıldıqdan sonra maşında sağ qalıb. O, Fələstin Qızıl Aypara Cəmiyyətinə telefon edərək kömək istəyib. Lakin onu xilas etməyə gedən iki təcili yardım əməkdaşı da öldürülüb və ertəsi gün Hindin, ailə üzvlərinin və tibb işçilərinin meyitləri tapılıb.
İsrail ordusu aylarla davam edən daxili araşdırmanın nəticəsində öz qüvvələrinin avtomobilə atəş açdığını və daha sonra Hində kömək üçün göndərilən təcili yardım maşınına da mərmi atıldığını bildirib.
Hind Rəcəbin ailəsi və hüquq müdafiəçiləri İsrailin daxili istintaqına etimad göstərmədiklərini açıqlayaraq müstəqil beynəlxalq araşdırma tələb ediblər. Onlar İsrailin əvvəlki daxili araşdırmalarının çox vaxt real məsuliyyət və cəza ilə nəticələnmədiyini bildirirlər.