BAKI,VOA Orxan Qədirzadə
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir Dəmun həbsxanasında saxlanılan fələstinli qadın məhbusların kameralarına basqın edərək onların ağır saxlanma şəraitindən şikayətlərinə sərt reaksiya verib.
İsrailin 14-cü kanalına müsahibəsi zamanı Ben Qvir məhbus qadınlardan birinin saxlanma şəraitinin çox ağır olduğunu deməsindən sonra bunun “demokratik dövlətdə normal” olduğunu bildirib. Nazir fələstinli məhbusların əziyyət çəkməli olduğunu müdafiə edib.
Ben Qvir İsrail parlamentinin mart ayında qəbul etdiyi məhbuslara ölüm cəzası tətbiqinə dair qanunun çəkindirici vasitə olduğunu iddia edib. Onun sözlərinə görə, fələstinli məhbusların edam cəzasından qorxması qanunun məqsədinə xidmət etdiyini göstərir.
Nazir əvvəlki həbsxana ziyarətlərindən birində məhbus qadınlardan birinin ətir istəməsini də xatırladaraq, bəzi məhbusların həbsxanalarda rahat şəraitə ümid etdiyini bildirib. O, hazırkı vəziyyətin həmin gözləntiləri dəyişdirdiyini deyib.
Ben Qvir həmçinin ölüm cəzası qanununun artıq qəbul edildiyini, lakin indiyədək bu cəzanın tətbiqinə əsas verən konkret halın qeydə alınmadığını açıqlayıb.
Dəmun həbsxanasında əsasən təhlükəsizlik ittihamları ilə saxlanılan fələstinli qadınlar yerləşdirilir. Ben Qvirin səfəri və açıqlamaları İsrail həbsxanalarında fələstinli məhbusların saxlanma şəraiti ilə bağlı mübahisələrin davam etdiyi bir vaxtda baş verib.