BAKI,VOA Analitik Təhlil Mərkəzi
İsrailin Baş naziri Binyamin Netanyahu Qəzzada müharibənin dayandırılması ilə bağlı razılaşmanın ikinci mərhələsinin icrası məsələsində ABŞ Prezidenti Donald Tramp administrasiyasının gözləntilərinə qarşı mövqe nümayiş etdirir.
Bakı, AzerVoice İsrail hökumətinin son mövqeyi Qəzzada 15 maddəlik planın icrası ilə bağlı Vaşinqton və Avropa paytaxtlarında yaranan nikbinliyi azaldıb. Netanyahu və onun hökumətdəki müttəfiqləri, xüsusilə ifrat sağçı siyasətçilər İtamar Ben-Qvir və Betsalel Smotriç razılaşmanın növbəti mərhələsinə dair ciddi şərtlər irəli sürürlər.
Ekspertlər qeyd edir ki, Netanyahu hökumət daxilindəki sağçı və dini-sionist qüvvələrlə ittifaqı qorumağı Tramp administrasiyası ilə münasibətlərin gərginləşməsi riskindən daha üstün hesab edə bilər. Bu mövqenin İsraildə 27 oktyabr 2026-cı il tarixində keçiriləcək Knesset seçkiləri ərəfəsində daxili siyasi hesablamalarla bağlı olduğu vurğulanır.
Eyni zamanda Netanyahu hökumətinin ABŞ-da keçiriləcək Konqresə aralıq seçkiləri öncəsi Tramp administrasiyasına təzyiq göstərməyə çalışdığı bildirilir. İsrailin İran istiqamətindəki siyasətinin də Vaşinqtonla münasibətlərdə əlavə təzyiq vasitəsinə çevrilə biləcəyi qeyd olunur.
Analitiklərə görə, Tramp administrasiyasının Qəzza məsələsi üzrə komandası İsrail daxilindəki sağçı qüvvələrin ABŞ-dakı İsrail tərəfdarı lobbilərdən, o cümlədən AIPAC-dan istifadə etməklə Vaşinqtona təsir göstərməyə çalışdığını nəzərə alır.
Trampın rəhbərlik etdiyi “Sülh Şurası”nın Qəzza üzrə yüksək nümayəndəsi Nikolay Mladenov isə İsrailin mövqeyinə cavab olaraq təklif olunan planın böhrandan çıxış üçün yeganə yol olduğunu bildirib.
Beləliklə, əsas sual Trampın Netanyahunun müqavimətinə necə cavab verəcəyi ilə bağlıdır. Vaşinqtonla Təl-Əviv arasında Qəzzanın gələcəyi və müharibədən sonrakı proseslərlə bağlı fikir ayrılıqlarının dərinləşməsi İsrail daxilindəki siyasi mübarizəyə də təsir göstərə bilər.