BAKI,VOA Orxan Qədirzadə
İsrailin Baş naziri Benyamin Netanyahu Britaniyanı istehzalı şəkildə «Britaniya İslam Respublikası» adlandırıb.
Netanyahu bu fikirləri İsrail Ordusunun radiosunun podkastında yayımlanan geniş müsahibəsi zamanı səsləndirib. O, Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin ailəsi ilə bağlı xatirələrini bölüşərək ölkənin İsrailə münasibətinin dəyişdiyini bildirib.
İsrail hökumət başçısı Çörçillin oğlu Randolf Çörçill və nəvəsi Uinston Spenser Çörçillin bölgədə jurnalist kimi fəaliyyət göstərdiyini xatırladıb. Onun sözlərinə görə, onlar 1967-ci ildəki Altıgünlük müharibəni İsrail üçün müsbət mövqedən işıqlandırıblar.
Netanyahu daha sonra Britaniyanın hazırkı mövqeyini həmin dövrdəki yanaşma ilə müqayisə edib.
«İndi bunu Britaniyada tapmağa çalışın. Britaniyanı Britaniya İslam Respublikası adlandıra bilərsiniz», – deyə Netanyahu bildirib.
Müsahibə zamanı aparıcının Avropanın digər ölkələrinin də eyni istiqamətdə hərəkət edib-etmədiyi barədə sualına Netanyahu «bəli» cavabını verib. O, bununla Avropanın bəzi ölkələrində islamın təsirinin artdığını düşündüyünü və İsrailə münasibətin daha tənqidi xarakter aldığını nəzərdə tutub.
Netanyahu fikrini daha da sərtləşdirərək «ilk nüvə silahına malik İslam Respublikası Britaniya olacaq» deyib. O, İranla bağlı isə «başqa bir respublikanın olmayacağına əmin oluruq» ifadəsini işlədib.
Britaniya-İsrail münasibətlərində gərginlik
Netanyahunun açıqlamaları İsrail və Britaniya arasında münasibətlərin gərginləşdiyi bir vaxtda səslənib.
Qəzza müharibəsi London ilə Təl-Əviv arasında ciddi fikir ayrılıqlarına səbəb olub. Britaniya hökumətinin İsrailin Qəzzadakı hərbi əməliyyatlarına və Fələstin məsələsinə yanaşması son dövrdə İsrail hökumətinin daha sərt tənqidlərinə məruz qalıb.
Netanyahunun Britaniyanı «İslam Respublikası» ilə müqayisə etməsi də ölkənin Yaxın Şərq siyasətinə və Avropada islamın roluna dair onun mövqeyinin daha bir ifadəsi kimi qiymətləndirilir.
İsrail baş nazirinin açıqlaması həmçinin onun Avropada İsrailə münasibətdə baş verən dəyişiklikləri islamın artan siyasi və ictimai təsiri ilə əlaqələndirdiyini göstərir.