BAKI,VOA,Yusif Şərifzadə
Dünya bazarında neftin qiyməti İran və Oman arasında Hörmüz boğazının idarə olunmasına dair aparılan danışıqlar fonunda ucuzlaşıb.
VOA xəbər verir ki, beynəlxalq etalon sayılan "Brent" markalı neftin qiyməti 1,42 ABŞ dolları və ya 1,56 faiz azalaraq bir barel üçün 89,32 ABŞ dollarına enib. Bundan əvvəl isə qiymət gün ərzində 93,31 ABŞ dollarına qədər yüksəlmişdi.
ABŞ-ın "Vest Texas İntermediate" markalı xam neftinin qiyməti də 1,14 ABŞ dolları və ya 1,35 faiz azalaraq bir barel üçün 83,32 ABŞ dolları təşkil edib. Gün ərzində bu marka üzrə qiymət 85,94 ABŞ dollarına qədər yüksəlmişdi.
İqtisadçı Həməd Hüseyn bildirib ki, Omanla İran arasında aparılan danışıqlar Hörmüz boğazının yenidən tam fəaliyyət göstərməsi istiqamətində irəliləyiş əldə olunduğuna işarə edə bilər.
Mütəxəssislərin fikrincə, Hörmüz boğazında gərginliyin azalacağına dair gözləntilər qlobal enerji bazarında təkliflə bağlı narahatlıqları zəiflədərək neft qiymətlərinə təzyiq göstərib.