BAKI,VOA,Yusif Şərifzadə
Çin hökuməti İrana Çin istehsalı olan daşınan hava hücumundan müdafiə sistemlərinin göndərilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
VOA xəbər verir ki, bəzi mənbələr İrana yaxın həftələrdə 400 ədəd Çin istehsalı olan daşınan hava hücumundan müdafiə sistemi çatdırılacağını iddia etmişdi. Məlumata görə, ilk partiyanın Çinin Urumçi şəhərindən hava yolu ilə yola salınaraq Pakistan üzərindən İrana çatdırılması planlaşdırılırdı.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Pekində keçirdiyi brifinqdə bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Onun sözlərinə görə, Çin bu məsələ ilə bağlı mövqeyini dəfələrlə açıqlayıb və yayılan iddialar tamamilə əsassızdır.
Mao Nin vurğulayıb ki, Pekin bölgədə sülhün bərqərar olması və münaqişənin başa çatdırılması istiqamətində fəaliyyət göstərir.
Məlumatda tranzit marşrutu kimi adı çəkilən Pakistan da iddiaları təkzib edib. Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr Xidməti yayılan xəbərlərin tamamilə əsassız olduğunu bildirərək onları qəti şəkildə rədd edib.