BAKI,VOA, Fərid Mikayılov
Küveyt və Səudiyyə Ərəbistanına hava hücumları həyata keçirildiyi bildirilib.
VOA xəbər verir ki, Küveytin şimal-qərbində yerləşən Bubiyan adasındakı Mübarək əl-Kəbir limanı pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərlə hədəfə alınıb.
Hücum nəticəsində limanın infrastrukturunda ziyan yarandığı, lakin xəsarət alanların olmadığı qeyd edilib.
Küveytin müvafiq qurumları hadisə ilə bağlı məlumatı rəsmi sosial media hesabları vasitəsilə açıqlayıb və hücumun detalları ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
Digər tərəfdən, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi paytaxt Ər-Riyad bölgəsinə 6 ballistik raketin buraxıldığını açıqlayıb. Bildirilib ki, raketlərdən ikisi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Qalan dörd raketin isə Körfəz sularına və boş ərazilərə düşdüyü qeyd olunub. Hadisə nəticəsində mümkün itkilər və hücumun mənbəyi ilə bağlı əlavə məlumat verilməyib.