BAKI,VOA
Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi və yürüşü keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, digər tanınmış şəxslər və səhər sakinləri iştirak ediblər.
Klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq ənənə halını alıb.
Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil sərgilənib.
Bunlar tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələridir.
Bakı sakinlərinin hər zaman böyük maraqla qarşıladığı sərgi daha sonra retro avtomobillərin yürüşü ilə davam edib.
Paytaxtın əsas küçə və prospektindən keçən yürüş “Sea Breeze” ərazisində başa çatıb. “Marina Bay”də klassik avtomobillərin sərgisi Xəzərin sahilində retro ab-hava yaradıb.
Sərgidə müxtəlif dövrlərə aid avtomobillər nümayiş olunub. Onların arasında illərdir qorunub saxlanılan və sahibləri üçün xüsusi xatirə dəyəri daşıyan avtomobillər də var.
“Marina Bay”də keçirilən sərgidə yürüşdə iştirak edən avtomobil sahibləri arasından müxtəlif nominasiyalar üzrə qaliblər müəyyən edilərək mükafatlandırılıb.
Qaliblər “Sərginin veteranı”, “Qızıl standart”, “Canlı əfsanə”, “Nadir incilər”, “Dövrün stil ikonası”, “Dövrün ruhu”, “Vintaj zərifliyi”, “Ənənələrin qoruyucusu”, “Yarış əfsanəsi”, “Dəmir aristokrat”, “Zəhmətkeş əfsanə”, “Xalqın sevimlisi”, “Dövrün səsi” və “Zaman kapsulu” nominasiyaları üzrə müəyyənləşdirilib.
Qonaqlara musiqi proqramı da təqdim edilib.