Fransanın məşhur zərgərlik evi "Cartier" özünün "Into the Wild" tədbirini İstanbulun Şahzadə adalarından biri olan Böyükadaya daşıyıb. Tədbir brendin heyvanlar aləminə olan çoxillik heyranlığını qeyd etmək məqsədilə beynəlxalq aktyorlar, kinorejissorlar, aparıcılar və mədəniyyət xadimlərini bir araya toplayıb.
26–28 avqust tarixlərində keçirilən tədbirdə brend Türkiyə, Yaxın Şərq və Hindistandan olan tanınmış simaları qəbul edib. Qonaqlar arasında Türkiyədən aktyor Barış Arduç və aktrisa Tuba Büyüküstün, livanlı aktrisa Razan Cammal, kinorejissor və aktrisa Nadin Ləbəki, televiziya aparıcısı və jurnalist Raya Əbirəşid, misirli aktyor Əhməd Məlik, eləcə də hindistanlı aktrisa Suhana Xan və aktyor İşan Xattar yer alıb.
Böyükadada baş tutan bu toplantı "Cartier"in Yaxın Şərqdə dəb evinin irsini interaktiv formatda təqdim edən silsilə tədbirlərinin davamıdır.
Brend 2023-cü ildə Dubay Dizayn Məhəlləsində keçirdiyi "Into the Wild" sərgisi ilə diqqəti özünün məşhur bəbir (panter) simvoluna yönəltmiş və heyvanlar silsiləsinin tarixi inkişafını nümayiş etdirmişdi. "Cartier" 2025-ci ildə Dubaydakı Əş-Şindağa Muzeyində təşkil etdiyi "A Journey of Wonders" yüksək zərgərlik sərgisi ilə 300-dən çox eksponat təqdim edərək BƏƏ-dəki 25 illik fəaliyyətini qeyd etmişdi.