Səudiyyə Ərəbistanının 3D çap bazarının aviasiya, avtomobil sənayesi, səhiyyə və istehsalat sahələrində geniş tətbiqi nəticəsində 2034-cü ilə qədər beş dəfədən çox artaraq 6,47 milyard Səudiyyə riyalına (1,7 milyard dollar) çatacağı proqnozlaşdırılır.
Kiçik və Orta Sahibkarlıq Baş İdarəsinin ("Monsha'at") hesabatına əsasən, 2025-ci ildə 1,20 milyard riyal dəyərində qiymətləndirilən yerli bazarın 2026–2034-cü illər arasında illik orta hesabla 20,52 faiz sürətlə böyüyəcəyi gözlənilir. Ər-Riyad, Ciddə və Dammam bu sahədə əsas mərkəzlər kimi müəyyən edilib.
İstehsalçılar məhsul hazırlama mərhələsini qısaltmaq, xərcləri və riskləri minimuma endirmək məqsədilə 3D çap texnologiyasından prototiplərin, qəliblərin və kiçik həcmli istehsalın təşkilində daha aktiv istifadə edirlər. Qlobal prototipləşdirmə bazarının 2025-ci ildəki 86,66 milyard riyaldan 2031-ci ilə qədər 165,7 milyard riyala yüksələcəyi bildirilir. Beynəlxalq araşdırma mərkəzlərinin məlumatına görə, dünya üzrə ümumi 3D çap bazarının həcmi 2026-cı ildə 34,45 milyard dollar təşkil edir və 2031-ci ilə qədər 69,26 milyard dollara çatacaq.
"Monsha'at" rəhbərinin müavini Səud əs-Subhan prototipləşdirmənin innovasiya və sahibkarlığın inkişafında strateji rol oynadığını bildirib: "3D dizayn, əlavəli istehsal (additive manufacturing) və qabaqcıl texnoloji həllər sahəsində fəaliyyət göstərən müəssisələr üçün xidmət şəbəkəsini və təchizatçıların sayını artırmaq əsas hədəfimizdir".
Hesabatda qeyd olunur ki, "Monsha'at" İnnovasiya Mərkəzində inkubasiya keçən şirkətlərin maliyyə gəlirləri 300 milyon riyalı keçib. Mərkəz 263 prototip və məhsulun hazırlanmasına şərait yaradıb, 8 mindən çox sahibkar və ixtiraçı ixtisaslaşmış xidmətlərdən faydalanıb.
Səudiyyə Ərəbistanı innovasiya mərkəzləri, laboratoriyalar, akseleratorlar və maliyyələşmə proqramları vasitəsilə 3D çap sənayesini inkişaf etdirərək milli iqtisadiyyatda qabaqcıl istehsal texnologiyalarının payını artırmağı hədəfləyir.