BAKI,VOA Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə “dünya tarixinin ən böyük neft sazişi” adlandırdığı razılaşmaya nail olduqlarını açıqlayıb. Trampın sözlərinə görə, ABŞ özəl sektorla tərəfdaşlıq çərçivəsində Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatının böyük hissəsinə nəzarət əldə edib.
Tramp bildirib ki, saziş ABŞ-ın neft ehtiyatlarını iki dəfədən çox artıracaq və ölkənin enerji təminatını əhəmiyyətli dərəcədə gücləndirəcək.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges də ABŞ ilə neft sazişinin imzalandığını təsdiqləyib. Onun sözlərinə görə, razılaşma çərçivəsində 17 strateji yatağın işlənməsi nəzərdə tutulur.
Rodriges bu layihələrin 65 milyard barel təsdiqlənmiş potensial, 100 milyard dollardan çox investisiya və Venesuela dövlətinə 209 milyard dollardan artıq vergi gəliri gətirə biləcəyini bildirib.
O, sazişi ABŞ-Venesuela münasibətlərində “tarixi dönüş nöqtəsi” adlandıraraq, investisiyaların ölkənin neft sənayesinin bərpasına və modernləşdirilməsinə, eləcə də enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.