Qətər Ticarət və Sənaye Palatası Braziliyanın San-Paulu şəhərində keçirilən 5-ci "Ərəb-Braziliya İqtisadi Forumu"nda təmsil olunub. Forum ərəb ölkələri ilə Braziliya arasında iqtisadi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivlərini müzakirə etmək üçün rəsmiləri, özəl sektor təmsilçilərini və iş adamlarını bir araya gətirib.
Qətərin qlobal internet reytinqində yeri açıqlandı
Tədbirdə Qətər Palatasını İdarə Heyətinin üzvü, Qida Təhlükəsizliyi, Ətraf Mühit, Texnologiya və İnnovasiya komitələrinin sədri Məhəmməd bin Əhməd əl-Ubeydli təmsil edib. O, həmçinin kənd təsərrüfatı və ərzaq təchizatı zəncirindəki fürsət və çağırışların müzakirə olunduğu "Qida təhlükəsizliyi, aqrobiznes və gübrə tədarükünün dayanıqlılığı" adlı paneldə çıxış edib. Tədbirdə Qətərin Braziliyadakı səfiri Əhməd bin Məhəmməd Əli əş-Şeybani və San-Pauludakı baş konsul Əl-Mühənnəd Əli əl-Həmmadi də iştirak ediblər.
Əl-Ubeydli çıxışında Ərəb–Braziliya tərəfdaşlığının əhəmiyyətini vurğulayaraq bildirib ki, Braziliyanın kənd təsərrüfatı və qida istehsalında, Qətərin isə enerji və gübrə sənayesində lider mövqeyi strateji investisiyalar üçün güclü zəmin yaradır. O qeyd edib ki, Qətər strateji coğrafi mövqeyi, qabaqcıl nəqliyyat, saxlama və paylama şəbəkəsi sayəsində beynəlxalq logistika mərkəzinə çevrilmək üçün güclü infrastruktura sahibdir.
Qətər iqtisadiyyatının güclü tərəfləri və qarşıda duran risklər nədir?
Qətərin ərzaq təhlükəsizliyi təcrübəsindən bəhs edən əl-Ubeydli yerli istehsalın dəstəklənməsi, idxal mənbələrinin şaxələndirilməsi, strateji ehtiyatların artırılması, soyuq zəncir və saxlama imkanlarının gücləndirilməsi sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, həmçinin su ehtiyatlarından səmərəli istifadəni təmin edən müasir aqrotexnologiyaların, ağıllı kənd təsərrüfatının və süni intellekt həllərinin vacibliyini bildirib.
Əl-Ubeydli əlavə edib ki, bu potensial Qətər və Braziliya özəl sektorları arasında aqrar istehsal, gübrə, qida emalı, logistika və soyuducu anbarlar üzrə geniş imkanlar açır. O, ənənəvi ticarət münasibətlərindən uzunmüddətli strateji tərəfdaşlıqlara keçidin vacibliyini qeyd edib.
Qeyd edək ki, "Qlobal iqtisadiyyatdakı dəyişikliklər: Braziliya və ərəb dünyası arasında dialoq üçün yeni gündəlik" devizi ilə təşkil olunan forum qlobal iqtisadi transformasiyalar, enerji, qida təhlükəsizliyi, logistika, ticarət, innovasiya, rəqəmsal iqtisadiyyat və süni intellekt məsələlərini əhatə edir.