BAKI,VOA,Yusif Şərifzadə
Fransanın kvant hesablamaları sahəsində fəaliyyət göstərən “Pasqal” şirkətinin səhmləri cümə günü ABŞ-nin “Nasdaq” birjasında satışa çıxarıldığı ilk gündə 73 faizədək bahalaşıb. Sonradan artım müəyyən qədər zəifləsə də, səhmlər ilkin qiymətlə müqayisədə təxminən 40 faiz yüksək səviyyədə alınıb-satılıb.
VOA xəbər verir ki, “Pasqal” kommersiya məqsədləri üçün yararlı kvant kompüterlərinin yaradılması uğrunda mübarizədə Avropanın aparıcı şirkətlərindən biri hesab olunur. Şirkət “Bleichroeder Acquisition Corp II” ilə birləşmədən sonra “Nasdaq” birjasında səhmlərinin satışına başlayıb.
Birləşmə zamanı “Pasqal”ın dəyəri təxminən 2 milyard dollar qiymətləndirilib. Əməliyyat nəticəsində hazırda zərərlə işləyən şirkət istehsal imkanlarını genişləndirmək üçün təxminən 360 milyon dollar vəsait əldə edib.
“Pasqal”ın ABŞ birjasına çıxması süni intellekt texnologiyalarının geniş tətbiqi fonunda texnologiya şirkətlərinə marağın artdığı dövrə təsadüf edir. Kvant hesablamaları da gələcəkdə böyük inkişaf imkanlarına malik əsas texnoloji istiqamətlərdən biri kimi nəzərdən keçirilir.
Hadisə ABŞ Prezidenti Donald Trampın kvant texnologiyalarının inkişafının sürətləndirilməsi ilə bağlı sərəncamından sonra baş verib. ABŞ Ticarət Nazirliyi doqquz kvant texnologiyaları şirkətinə təxminən 2 milyard dollarlıq dəstəyin göstərilməsi ilə bağlı ilkin razılaşmalar əldə edib.
“Pasqal” həmin şirkətlər sırasında yer almasa da, Fransa hökumətinin maliyyə dəstəyindən yararlanır. Fransanın dövlət investisiya bankı “Bpifrance” şirkətin birləşməsi ilə əlaqədar maliyyələşdirmədə iştirak edib.
Kvant hesablama qurğuları dərmanların hazırlanması, yeni materialların tədqiqi və maliyyə hesablamaları kimi mürəkkəb sahələrdə xüsusi məsələlərin həlli üçün inkişaf etdirilir. Bununla belə, kvant sistemlərində yaranan xətalar onların genişmiqyaslı və etibarlı istifadəsi qarşısında əsas maneələrdən biri olaraq qalır.