BAKI,TurkicWorld,Vüsalə Əzimzadə
İran hakimiyyəti ABŞ-la müharibə və Vaşinqtonun sərtləşdirdiyi sanksiyaların ölkə iqtisadiyyatına ciddi təsir göstərdiyini etiraf edib.
İranın ali rəhbəri Müctəba Xamenei hökuməti inflyasiya, işsizlik və ərzaq və xidmətlərə qiymətlərin idarə olunması ilə bağlı problemləri həll etməyə çağırıb. Prezident Məsud Pezeşkian isə ABŞ sanksiyaları və İran limanlarının blokadası səbəbindən ölkənin xarici ticarətinin təxminən 35 faiz azaldığını bildirib.
İranda illik inflyasiyanın ötən ay 66 faizə çatdığı açıqlanıb. Bununla yanaşı, Pezeşkian ABŞ-la iyunda imzalanmış qısamüddətli anlaşma çərçivəsində İrana neft satmağa icazə verildiyi dövrdə təxminən 90 milyon barel neft ixrac edildiyini deyib.
Vaşinqton İranla iqtisadi əlaqələri davam etdirən ölkələrə ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyi ilə bağlı xəbərdarlıq edib. ABŞ Maliyyə Nazirliyi artıq Misirin «Banque Misr» bankına qarşı sanksiya tətbiq edib. Bununla belə, Çin və Hindistan kimi İranın əsas ticarət tərəfdaşlarına qarşı hələlik analoji tədbirlər görülməyib.
Diplomatik səylər də davam edir. Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani Tehranda İran rəsmiləri ilə görüşüb və Hörmüz boğazında müharibədən əvvəlki sərbəst gəmiçiliyin bərpasının vacibliyini vurğulayıb. İranın xarici işlər naziri Abbas Əraqçi danışıqları «yaradıcı» adlandırıb.
Bu arada Hörmüz boğazında gəmiçiliklə bağlı fikir ayrılığı qalmaqdadır. ABŞ hərbçiləri boğazda İran tərəfindən yerləşdirilmiş dəniz minalarının təmizləndiyini bildirir. İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri isə boğazın yalnız İranın icazəsi ilə gəmilər üçün açıq olduğunu deyir.
Cümə axşamı Hörmüz boğazından cəmi 7 yük gəmisi keçib. Bu göstərici bir gün əvvəlki 17 gəmidən və son 10 günün orta göstəricisi olan 15 gəmidən aşağıdır.