BAKI,VOA, Fərid Mikayılov
AK Partiyanın sədr müavini və partiya sözçüsü Ömər Çelik FETÖ-nün 15 iyul çevriliş cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd qrupunda yer alan terrorçunun saxlanılmasına münasibət bildirib.
VOA xəbər verir ki, Çelik sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qeyd edib ki, həmin gecə Prezident Ərdoğanın nümayiş etdirdiyi qətiyyət xalqın iradəsinə qarşı yönəlmiş çevriliş cəhdinin qarşısını alıb.
AK Partiya sözçüsü bildirib ki, FETÖ bəzi xarici ölkələrdə hələ də müəyyən dairələr tərəfindən qorunur.
Onun sözlərinə görə, bu terror şəbəkəsinə qarşı həm Türkiyədə, həm də dünyanın digər ölkələrində mübarizənin fasiləsiz davam etdirilməsi milli vəzifədir.
Ömər Çelik FETÖ ilə mübarizədə iştirak edən bütün dövlət qurumlarına və bu istiqamətdə fəaliyyət göstərən şəxslərə təşəkkür edərək, onların vətənpərvərlik nümunəsi göstərdiklərini vurğulayıb.