BAKI,VOA, Fərid Mikayılov
İran Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Rza Təlai-Nik ABŞ və İsrailə sərt xəbərdarlıq edib. O bildirib ki, İran Silahlı Qüvvələri ölkəyə qarşı mümkün yeni hücumlara cavab verməyə tam hazırdır.
VOA xəbər verir ki, general çıxışı zamanı Vaşinqton və Təl-Əvivin atacağı növbəti addımların onlar üçün “peşmanedici nəticələr” doğuracağını vurğulayıb. O, ABŞ və İsrailin İran əleyhinə mümkün əməliyyatlarda “gözlənilməz ssenarilərlə” qarşılaşacağını qeyd edib.
Rza Təlai-Nik açıqlamasında son qarşıdurmaların ABŞ hegemonluğunun zəiflədiyini göstərdiyini iddia edib. Onun sözlərinə görə, artıq bir çox ölkə Vaşinqtonun təkqütblü siyasətinin çökməyə başladığını anlayır.
İranlı general ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu barədə də sərt ifadələr işlədib. O bildirib ki, hər iki lider İran və digər bölgələrdə baş verən hadisələrə görə dünya ictimaiyyətində ciddi nifrətlə qarşılanır.
Çıxış zamanı İranın keçmiş müdafiə naziri Əziz Nasirzadənin fəaliyyəti də xüsusi qeyd olunub. Təlai-Nik onun xüsusilə hərbi sənaye və silah istehsalı sahəsində mühüm rol oynadığını bildirib və “şəhid komandirlərin yolunun davam etdiriləcəyini” vurğulayıb.