#ABŞ İran toqquşması

"Anlaşma çərçivəsində Hörmüz boğazının yenidən gəmiçilik üçün açılması və ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının tamamilə aradan qaldırılması xüsusi olaraq vurğulanıb. Blokadanın ləğv edilməsi prosesin başlanğıcından bəri bizim ən mühüm şərtimiz və tələbimiz idi. Artıq rəsmi imza atılmadan öncə ABŞ tərəfindən blokada qismən aradan qaldırılıb."

ABŞ-ın maliyyə naziri Skott Bessent İran iqtisadiyyatının “çökmə həddinə çatdığını” iddia edib. Onun sözlərinə görə, bu proses “rəqəmsal cüzdanların birbaşa ələ keçirilməsi” kimi həyata keçirilib. Nazir iddia edib ki, İran iqtisadiyyatı ciddi böhran içindədir: hərbçilərin 40–50 faizi maaş almır, polis qüvvələri xidmətə çıxmır, inflyasiya 200 faizdən yuxarıdır və hökumət ərzaq talonları paylayır.

Ağ Ev ABŞ Prezidenti Donald Trampın İranla bağlı yalnız Vaşinqtonun maraqlarına uyğun razılaşmanı dəstəkləyəcəyini açıqlayıb. Ağ Ev rəsmisinin sözlərinə görə, ötən gün keçirilən və ABŞ-İran münasibətlərinin müzakirə olunduğu milli təhlükəsizlik toplantısı təxminən iki saat davam edib.

İran Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Rza Təlai-Nik ABŞ və İsrailə sərt xəbərdarlıq edib. O bildirib ki, İran Silahlı Qüvvələri ölkəyə qarşı mümkün yeni hücumlara cavab verməyə tam hazırdır. Rza Təlai-Nik açıqlamasında son qarşıdurmaların ABŞ hegemonluğunun zəiflədiyini göstərdiyini iddia edib. Onun sözlərinə görə, artıq bir çox ölkə Vaşinqtonun təkqütblü siyasətinin çökməyə başladığını anlayır.

İranla ABŞ arasında əldə olunmuş kövrək atəşkəs yeni hücumlar fonunda ciddi sınaqla üzləşib . Bildirilib ki, tərəflər arasında mümkün razılaşma ilə bağlı danışıqlar davam etsə də, hələ yekun qərar qəbul edilməyib. İran tərəfi vasitəçi rolunda çıxış edən Pakistanın təqdim etdiyi təklifləri nəzərdən keçirdiyini açıqlayıb .

Çin xarici işlər naziri Van İ ABŞ və İran arasında hərbi qarşıdurmanın dayandırılması üçün təcili və hərtərəfli razılaşmanın əldə olunmasının vacibliyini bildirib. Van İ iranlı həmkarı Abbas Əraqçi ilə görüşü zamanı müharibənin yenidən alovlanmasının arzuolunmaz olduğunu vurğulayıb və atəşkəsin gecikdirilmədən təmin edilməsinin zəruriliyini qeyd edib

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Hörmüz boğazı ətrafında yaranmış vəziyyətlə bağlı açıqlama verib. O bildirib ki, boğazda yaranan yeni vəziyyət artıq formalaşma mərhələsindədir və ABŞ ilə müttəfiqlərinin atəşkəsi pozaraq blokada tətbiq etməsi dəniz daşımalarının və enerji tranzitinin təhlükəsizliyini risk altına salıb.