BAKI,VOA Orxan Qədirzadə
Türkiyə Böyük Millət Məclisində qəbul edilən “Milli Dayanışma və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında” Qanun “Rəsmi Qəzet”də dərc olunaraq qüvvəyə minib.
“Terrorsuz Türkiyə” prosesi çərçivəsində qəbul edilən qanun PKK/KCK-nın fəaliyyətinə son verilməsi və silahların təhvil verilməsinin təsdiqlənməsi şərti ilə müəyyən cinayət işləri üzrə istintaq və məhkəmə proseslərinin təxirə salınmasını nəzərdə tutur.
Qanuna əsasən, şərtlər yerinə yetirildikdən sonra qanun çərçivəsinə daxil olan cinayətlərlə bağlı bəzi istintaq və məhkəmə prosesləri cəzanın müddətindən asılı olaraq 5 və ya 10 il müddətinə təxirə salına bilər. Eyni müddətlər müəyyən məhkumluqlar üzrə cəzaların icrasına da şamil ediləcək.
Qanunun icrasına nəzarət vitse-prezidentin rəhbərliyi ilə yaradılacaq quruma həvalə olunub. Türkiyə Böyük Millət Məclisində isə prosesin izlənməsi üçün Monitorinq Komissiyasının yaradılması nəzərdə tutulur.
Qanun PKK/KCK üzvlərinin təqdim etdiyi silah, sursat və digər materialların qeydiyyata alınması ilə bağlı müddəaları da əhatə edir.
Prezident Rəcəb Tayyib Ərdoğan qanunun qüvvəyə minməsi ilə bağlı açıqlamasında sənədin parlamentdə 467 deputatın dəstəyi ilə qəbul edildiyini bildirərək, onun Türkiyənin gələcəyi üçün mühüm addım olduğunu vurğulayıb.