#Türkiyədə terrorla mübarizə

İstanbul Terrorla Mübarizə və Kəşfiyyat İdarəsinin əməkdaşları İŞİD terror qruplaşmasının fəaliyyətinin qarşısının alınması məqsədilə genişmiqyaslı əməliyyat keçirib. Əməliyyatın əsas hədəfində terror təşkilatı ilə əlaqəli fəaliyyət göstərən və sosial media platformaları vasitəsilə qruplaşmanın təbliğatını aparan şəxslər olub. Şəhərin müxtəlif ünvanlarında eyni vaxtda həyata keçirilən basqınlar nəticəsində 11 şübhəli şəxs gözaltına alınıb.

İstanbul mərkəzli 22 vilayətdə MLKP silahlı terror təşkilatına qarşı keçirilən əməliyyatda həbs olunanların sayı 77-yə yüksəlib. İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbəsi əməkdaşları tərəfindən MLKP silahlı terror təşkilatının fəaliyyətlərinin ifşa edilərək qarşısının alınmasına yönəlmiş işlər çərçivəsində saxlanılan 46 şübhəlinin polis bölməsindəki prosedurları tamamlanıb.

Ankarada terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat çərçivəsində 17 şübhəli şəxs saxlanılıb. Baş Prokurorluğun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar zamanı əldə olunan rəqəmsal materialların təhlili nəticəsində şübhəlilərin terror təşkilatının üzvləri olduqlarına dair sübutlar aşkarlanıb.