BAKI,VOA,Yusif Şərifzadə
“Anthropic” şirkəti “Nscale”in ABŞ-nin Qərbi Virciniya ştatında yerləşən əsas məlumat mərkəzindən süni intellekt üçün hesablama gücü icarəyə götürmək məqsədilə 45 milyard dollar xərcləməyə razılaşıb. Məlumatı məsələyə yaxın mənbələrə istinadən “Blumberq” yayıb.
VOA xəbər verir ki, razılaşma “Anthropic”in məhsullarına, xüsusilə proqramlaşdırma üçün nəzərdə tutulmuş “Klod Kod” süni intellekt vasitəsinə tələbatın artacağı gözləntiləri fonunda əldə olunub. Şirkət bunun üçün böyük həcmdə əlavə hesablama gücü təmin etməyə çalışır.
Məlumata görə, altı il müddətinə nəzərdə tutulan razılaşma təxminən 460 meqavat gücü əhatə edir. Hesablama infrastrukturunda “Vera Rubin” qurğularından istifadə olunacağı bildirilir.
“Nscale”in Qərbi Virciniyadakı məlumat mərkəzi süni intellekt üçün nəzərdə tutulan iri hesablama infrastrukturu kimi inkişaf etdirilir. Şirkət daha əvvəl bu ərazidə ilkin olaraq 2 giqavat, sonrakı mərhələdə isə təxminən 8 giqavatadək güc yaratmağı planlaşdırdığını açıqlayıb.
“Vera Rubin” sistemi isə iri süni intellekt modellərinin hazırlanması və işlədilməsi üçün nəzərdə tutulub. “Antropik” rəhbərliyi daha əvvəl şirkətin mürəkkəb süni intellekt tapşırıqları üçün bu hesablama infrastrukturundan istifadə etməyi planlaşdırdığını bildirmişdi.
“Antropik” və “EnSkeyl” yayılan məlumatla bağlı dərhal açıqlama verməyiblər.