#texnologiya

Sony Music və Warner Music Anthropic şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Şirkətlər Anthropic-in “Claude” süni intellekt modellərini hazırlayarkən müəllif hüquqları ilə qorunan mahnılardan icazəsiz istifadə etdiyini iddia edir. İddiaya görə, yüzlərlə sənətçinin mahnı sözləri və musiqi materialları süni intellekt təlimində istifadə olunub. Sony və Warner Music bu istifadənin müəllif hüquqlarını pozduğunu bildirir. Anthropic isə ittihamları qəbul etmir və süni intellekt təliminin qanuni əsaslara söykəndiyini müdafiə edir. Məhkəmə prosesi texnologiya şirkətləri ilə yaradıcı sənaye arasında artan hüquqi mübahisələrin bir hissəsidir.

Fransanın “Pasqal” şirkətinin səhmləri “Nasdaq” birjasındakı ilk satış günündə 73 faizədək bahalaşıb. Daha sonra artım zəifləyərək təxminən 40 faiz səviyyəsində qalıb. “Pasqal” Avropanın kvant kompüterləri sahəsində aparıcı şirkətlərindən biridir. Şirkət başqa bir şirkətlə birləşmə nəticəsində təxminən 2 milyard dollar dəyərində qiymətləndirilib. Əməliyyatdan sonra “Pasqal” istehsalı genişləndirmək üçün təxminən 360 milyon dollar vəsait əldə edib. Şirkətin birjaya çıxması süni intellekt və qabaqcıl hesablama texnologiyalarına marağın yüksəldiyi dövrə təsadüf edir. ABŞ hökuməti də kvant texnologiyalarının inkişafının sürətləndirilməsinə milyardlarla dollar ayırmağa hazırlaşır. Kvant hesablamalarının böyük imkanlarına baxmayaraq, texniki xətalar bu sistemlərin geniş istifadəsi qarşısında mühüm maneə olaraq qalır.

Nvidia ABŞ-də əməkdaşlarının maliyyələşdirəcəyi siyasi fəaliyyət komitəsi yaratmağa hazırlaşır. Yeni qurumun “NVPAC” adlandırılması nəzərdə tutulur. Komitənin əsas məqsədi şirkətin dövlət siyasəti ilə bağlı maraqlarına uyğun mövqe tutan siyasi namizədlərə maliyyə dəstəyi göstərmək olacaq. ABŞ-də iri şirkətlərin belə komitələr yaratması geniş yayılmış təcrübədir. Nvidia bu addımla ölkədə siyasi qərarlara təsir imkanlarını genişləndirməyə çalışır. Şirkətin süni intellekt və yarımkeçiricilər sahəsində artan əhəmiyyəti onun dövlət siyasəti ilə bağlı məsələlərdə maraqlarını da artırır. Meta və Alfabetə məxsus Qugl kimi digər böyük texnologiya şirkətlərinin də oxşar siyasi fəaliyyət qurumları mövcuddur. Nvidia-nın yeni komitəsinin hansı namizədləri dəstəkləyəcəyi barədə hələlik məlumat açıqlanmayıb.

“Apple” sentyabrın 9-da növbəti böyük məhsul təqdimatını keçirəcək. Tədbirdə yeni “iPhone” silsiləsinin nümayiş etdiriləcəyi gözlənilir. Şirkət uzun müddətdir müzakirə olunan ilk qatlanan “iPhone”unu da təqdim edə bilər. Təhlilçilər qatlanan modelin “Apple” üçün mühüm kommersiya əhəmiyyəti daşıyacağını düşünürlər. Yeni qurğunun şirkətin orta satış qiymətlərini və gəlirliliyini yüksəldə biləcəyi bildirilir. Qatlanan “iPhone”un “Samsung Elektroniks”in bu bazardakı mövqeyinə ciddi rəqib ola biləcəyi gözlənilir. Təqdimat həm də şirkətdə rəhbərlik dəyişikliyindən sonra keçiriləcək ilk böyük tədbir kimi göstərilir. Məlumata görə, Con Ternus sentyabrın 1-də baş icraçı direktor vəzifəsini təhvil alacaq.

Anthropic ümumi əlçatan bazarının 30 trilyon dollardan çox olduğunu sərmayəçilərə açıqlamağa hazırlaşır. Şirkət hesablamalarında süni intellekt vasitəsilə görülə biləcək işlərin ümumi həcmini nəzərə alır. Göstərici SpeysEks-in 28,5 trilyon dollarlıq hesablamasından yüksəkdir. Böyük bazar imkanları Anthropic şirkətinin yüksək dəyərinin əsaslandırılmasına kömək edə bilər. Bu qiymətləndirmə şirkətin geniş texniki infrastruktura ayırdığı böyük vəsaitlər baxımından da əhəmiyyətlidir. Anthropic eyni zamanda OpenAI və Google ilə rəqabət aparır. Şirkət səhmlərinin ilkin açıq satışına hazırlaşır. Anthropic 2028-ci ildə gəlirinin 190–200 milyard dollara çatacağını gözləyir.

ABŞ İrana qarşı yeni genişmiqyaslı sanksiyalar paketini elan edib. Tədbirləri maliyyə naziri Skott Bessent mətbuat konfransında açıqlayıb. Vaşinqton İranın dünya üzrə maliyyə əlaqələrini məhdudlaşdırmağı qarşısına məqsəd qoyub. Yeni tədbirlər rəqəmsal aktivlər, texnologiya, qızıl, aviasiya və gəmiçilik sahələrini əhatə edir. ABŞ Maliyyə Nazirliyi 60-a yaxın qurum, şəxs və gəmini sanksiya siyahısına daxil edib. Bessent İranla iqtisadi əməkdaşlığı davam etdirən xarici tərəflərə də xəbərdarlıq edib. O, İranla istənilən iqtisadi əlaqənin ABŞ-nin sərt tədbirləri ilə nəticələnə biləcəyini bildirib. Yeni paket Tehranın beynəlxalq iqtisadi və maliyyə əlaqələrinin daha geniş şəkildə məhdudlaşdırılmasına yönəlib.

“Databricks” 5 milyard dollar yeni sərmayə cəlb etdikdən sonra şirkətin dəyəri 190 milyard dollara yüksəlib. Altı ay əvvəl şirkət təxminən 134 milyard dollar dəyərində qiymətləndirilirdi. Yeni vəsait süni intellekt tətbiqlərinin hazırlanması və idarə edilməsinə xidmət edən məhsulların inkişafına yönəldiləcək. Şirkətin illik hesablamada gəlirləri artıq 7 milyard dolları ötüb. İkinci rübdə gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 80 faizdən çox artıb. “Databricks” məlumatların saxlanması, idarə edilməsi və təhlili ilə yanaşı, müəssisələr üçün süni intellekt həlləri hazırlayır. Şirkət yeni sərmayəni “Lakebase”, “Genie” və “Unity AI Gateway” kimi məhsullarının inkişafına da yönəldəcək. “Databricks” gələcəkdə səhmlərini açıq bazarda satışa çıxara biləcək əsas texnologiya şirkətlərindən biri hesab olunur.

Süni intellekt əsaslı kod yoxlama platforması CodeRabbit 143 milyon dollar maliyyə cəlb edib. Yeni investisiya raundundan sonra şirkətin bazar dəyəri 1,5 milyard dollara çatıb. İnvestorlar süni intellektlə yaradılan kodların artmasının proqram təminatının yoxlanılması və təhlükəsizlik xidmətlərinə tələbi yüksəldəcəyini düşünürlər. CodeRabbit proqramçılara kod keyfiyyətini artırmaq, dəyişikliklərin təsirini qiymətləndirmək və təhlükəsizlik risklərini izləmək imkanı verir. Şirkət Avropa və Asiya bazarlarında genişlənməyi planlaşdırır.

Levi Strauss şirkəti üç əməkdaşı hədəf alan sosial mühəndislik hücumu nəticəsində sistemlərinə icazəsiz giriş edildiyini açıqlayıb. İlkin araşdırmaya görə, bəzi korporativ məlumatlar ələ keçirilib. Şirkət hadisənin biznes fəaliyyətinə və maliyyə nəticələrinə ciddi təsir göstərməyəcəyini bildirib. Mütəxəssislər isə son aylarda iri şirkətlərə qarşı kiberhücumların və fidyə proqramlarının sayının artdığına diqqət çəkirlər.

SpaceX və Tesla Texasda Terafab adlı süni intellekt çiplərinin istehsalı kompleksini qurmaq üçün ilkin olaraq 16,8 milyard dollar investisiya yatıracaq. Layihənin məqsədi hər iki şirkətin gələcəkdə artacaq hesablama gücü tələbatını qarşılamaq və qlobal çip çatışmazlığını azaltmaqdır. İlon Maskın sözlərinə görə, Terafab çip istehsalının bütün mərhələlərini əhatə edəcək. Layihənin ilkin bazası kimi Tesla artıq Giga Texas zavodunda tədqiqat istehsal müəssisəsinin tikintisinə başlayıb.

Meta şirkəti Narendra Modinin paylaşımının səhvən məhdudlaşdırılmasına görə Hindistan hökumətindən üzr istəyib. Şirkət bunu əməliyyat xətası ilə izah edib. Eyni zamanda, Meta India rəhbərinə Modini təhqir etdiyi iddia olunan videolarla bağlı cinayət işi açılıb. Yerli KİV-in məlumatına görə, Mark Zukerberq də Hindistan hökuməti qarşısında platformalarda uşaq cinsi istismarı materialları və "deepfake" məzmunla bağlı nöqsanlara görə üzr istəyib. Bu hadisələr Meta ilə Hindistan hökuməti arasında məzmunun idarə olunması ilə bağlı gərginliyin davam etdiyini göstərir.