#Nvidia

Nvidia ABŞ-də əməkdaşlarının maliyyələşdirəcəyi siyasi fəaliyyət komitəsi yaratmağa hazırlaşır. Yeni qurumun “NVPAC” adlandırılması nəzərdə tutulur. Komitənin əsas məqsədi şirkətin dövlət siyasəti ilə bağlı maraqlarına uyğun mövqe tutan siyasi namizədlərə maliyyə dəstəyi göstərmək olacaq. ABŞ-də iri şirkətlərin belə komitələr yaratması geniş yayılmış təcrübədir. Nvidia bu addımla ölkədə siyasi qərarlara təsir imkanlarını genişləndirməyə çalışır. Şirkətin süni intellekt və yarımkeçiricilər sahəsində artan əhəmiyyəti onun dövlət siyasəti ilə bağlı məsələlərdə maraqlarını da artırır. Meta və Alfabetə məxsus Qugl kimi digər böyük texnologiya şirkətlərinin də oxşar siyasi fəaliyyət qurumları mövcuddur. Nvidia-nın yeni komitəsinin hansı namizədləri dəstəkləyəcəyi barədə hələlik məlumat açıqlanmayıb.

“Starcloud” yeni sərmayə mərhələsində 250 milyon dollar cəlb edib. Şirkətin bazar dəyəri 2,3 milyard dollar olaraq qiymətləndirilib. Mart ayında bu göstərici 1,1 milyard dollar idi. 2024-cü ildə yaradılan şirkət indiyədək ümumilikdə 450 milyon dollar sərmayə cəlb edib. “Starcloud” “Nvidia” ilə orbit şəraitinə uyğun hesablama sistemi hazırlayır. Şirkət gələcəkdə 88 min peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Hədəf orbitdə 20 giqavatlıq hesablama gücü yaratmaqdır. Şirkət ABŞ-də yeni nəsil kosmik aparatlarının istehsalı üçün böyük istehsal müəssisəsi də qurur.

Süni intellekt infrastrukturu şirkəti Volta Infra 2,4 milyard dollar dəyərində qiymətləndirilib və Avropada bulud hesablama xidmətləri üzrə 10 milyard dollarlıq tərəfdaşlıq razılaşması əldə etdiyini açıqlayıb. Bloomberg bu müqavilənin Anthropic ilə bağlandığını yazsa da, Reuters bunu təsdiqləyə bilməyib. Şirkət həmçinin Azora ilə birlikdə 5 milyard dollarlıq AI infrastrukturu proqramına başlayıb. Volta Norveçdə Nvidia Vera Rubin çipləri ilə işləyəcək yeni məlumat mərkəzi layihəsini də təqdim edib.

Məlumata görə, texnologiya sektorunda investorlar son aylarda süni intellekt və yarımkeçirici istehsalçılarına yönəlmiş rekord artımdan sonra investisiya portfellərini yenidən formalaşdırmağa başlayıblar. Bir çox investor bu sahədəki səhmləri sataraq yenidən "Apple"a üstünlük verir.