#Livan-İsrail münasibətləri

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Livan Prezidenti Cozef Aun ilə telefon danışığı apararaq, İsrailin Livana endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib. Əmir Qətərin Livanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı hər hansı müdaxiləni qətiyyətlə rədd etdiyini bildirib. Qətər Rəsmi Xəbər Agentliyinin (QNA) məlumatına görə, tərəflər Livandakı son hərbi gərginliyin ölkə və regionun sabitliyinə təsirlərini müzakirə ediblər.

Livan Silahlı Qüvvələrinin rəhbəri Rudolf Heykel ölkənin cənubunda yerləşən hərbi birliklərə baş çəkərək, İsrailin artan hərbi təzyiqləri və regional sabitlik barədə mühüm bəyanatlar verib. Komandir və əsgərlərlə görüşən Heykel, Livan ordusunun bütün çətinliklərə baxmayaraq, ölkənin suverenliyini qorumaq üçün böyük fədakarlıq göstərdiyini vurğulayıb.

İranın adı açıqlanmayan yüksək rütbəli təhlükəsizlik rəsmisi, İsrailin Livana qarşı hərbi əməliyyatlarını dayandırmayacağı təqdirdə, cümə günü Pakistanın paytaxtı İslamabadda ABŞ ilə planlaşdırılan birbaşa danışıqların baş tutmayacağını iddia edib. İran tərəfi İsrailin hərəkətlərini əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasının birbaşa pozulması kimi qiymətləndirir.

Livanın Baş naziri Nəvaf Salam ölkə boyu onlarla insanın ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələnən şiddətli hava zərbələrindən sonra beynəlxalq birliyə müraciət edib. Baş nazir Livanın bütün dost ölkələrini İsrailin davam edən hücumlarına son qoymaq üçün hər cür vasitədən istifadə edərək kömək etməyə çağırıb.

İsrail ordusu çərşənbə akşmı günü İran tərəfindən dəstəklənən "Hizbullah"a qarşı döyüşdüyü Livanın cənubunda "müdafiə xətti" boyunca quru qoşunlarının yerləşdirilməsini tamamladığını açıqlayıb. Ordu əsgərlərinin Livan ərazisinin daxilinə doğru irəlilədiyi ən uzaq nöqtə barədə coğrafi təfərrüat verməyib. İsrail mediası ordunun bu mərhələdə qoşunları İsrail-Livan sərhədindən təxminən 20 kilometr (12 mil) şimaldan daha dərinə yeritmək niyyətində olmadığını bildirib.

İsrail ordusunun martın 2-dən bəri Livanın cənubunda başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar davam edir. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, son hava hücumları nəticəsində müxtəlif bölgələrdə ümumilikdə 9 nəfər dünyasını dəyişib, bir məscid isə tamamilə dağıdılıb. Nəbatiyə şəhərinin Beraşit qəsəbəsinə endirilən zərbələr nəticəsində yerli məscid hədəf alınaraq tamamilə uçurulub. Sur şəhəri yaxınlığındakı sənaye bölgəsinə edilən hücumda isə 2-si qadın olmaqla 5 nəfər həlak olub. Eyni zamanda, Ayn Baal qəsəbəsində bir evin vurulması nəticəsində eyni ailədən 2 nəfər həyatını itirib, dağıntılar altında qalan digər şəxslərin xilasetmə işləri davam edir.

İsrail ordusunun Livanın müxtəlif bölgələrinə təşkil etdiyi son hücumlar nəticəsində azı 5 nəfər həyatını itirib. Livanın rəsmi NNA xəbər agentliyinin məlumatına görə, Nebatiyə şəhərinin Burc Kalavay qəsəbəsinə endirilən iki zərbə nəticəsində bir nəfər dünyasını dəyişib. Eyni bölgənin Yuhmur əş-Şakif qəsəbəsində də bir nəfər İsrail atəşinin qurbanı olub. Ölkənin cənubundakı Sur şəhərinə bağlı Şaitiyə qəsəbəsində isə bir Suriya vətəndaşı həlak olub, daha 4 nəfər yaralanıb.

Livan Səhiyyə Nazirliyi çərşənbə günü verdiyi bəyanatda İsrail ordusunun Beyrutun cənub məhəllələrinə və paytaxt yaxınlığındakı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində azı 7 nəfərin həyatını itirdiyini bildirib. Məlumata görə, Beyrutun Jnah bölgəsindəki avtomobilləri hədəf alan reyd zamanı 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Təhlükəsizlik mənbələri bu hücumun binaları deyil, konkret nəqliyyat vasitələrində olan şəxsləri hədəf alan sui-qəsd cəhdi olduğunu ehtimal edirlər. Bundan əlavə, çərşənbə axşamı gecə saatlarında paytaxtın cənubundakı Xalde bölgəsinə endirilən zərbə daha 2 nəfərin ölümünə səbəb olub.

Türkiyə Xarici İşlər Nazirliyi Livanın cənubunda BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) heyətinə qarşı həyata keçirilən və İndoneziyadan olan üç hərbçinin ölümü, bir çoxunun isə yaralanması ilə nəticələnən hücumları kəskin şəkildə qınayan bəyanat yayıb. Nazirliyin yazılı açıqlamasında hadisə ilə bağlı İndoneziya hökumətinə və xalqına başsağlığı verilib. Bəyanatda vurğulanıb ki, BMT təsisatlarına və sülhməramlı personala qarşı törədilən bu cür hərəkətlər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bu cinayətin icraçıları mütləq ədalət qarşısında cavab verməlidirlər.

İsrailin Müdafiə naziri İsrael Kats Livanın cənubunda həyata keçiriləcək yeni və sarsıdıcı hərbi strategiyanı elan edərək, bölgənin coğrafi və demoqrafik xəritəsini kökündən dəyişəcək rəsmi bəyanatlarla çıxış edib. Nazir vurğulayıb ki, İsrail ordusu Livanın cənubunda xüsusi bufer zona yaradacaq və Litani çayına qədər olan bütün ərazilər üzərində hərbi nəzarəti tam və daimi şəkildə saxlayacaq.

İsrail ordusu çərşənbə axşamı günü verdiyi rəsmi bəyanatda Cənubi Livanda İran tərəfindən dəstəklənən "Hizbullah" qruplaşması ilə gedən döyüşlərdə dörd əsgərinin həlak olduğunu təsdiqləyib. Hərbi mənbələrin məlumatına görə, eyni taborun üzvü olan üç hərbçi döyüş meydanında həyatını itirib, digər bir əsgərin isə eyni hadisə zamanı öldüyü, lakin adının hələlik ictimaiyyətə açıqlanmadığı bildirilir. Toqquşmalar zamanı daha iki İsrail hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb. İsrail rəsmiləri bu hərbi kampaniyanın "Hizbullah"ın sərhəd bölgəsindən tamamilə təmizlənməsinə qədər davam edəcəyini və prosesin uzunmüddətli işğala çevrilə biləcəyini istisna etmirlər.