BAKI,VOA Orxan Qədirzadə
Nyu-York mərkəzli Best Diplomats təşkilatı dünyada üzv sayına görə ən böyük siyasi partiyaların reytinqini açıqlayıb. Siyahıda Hindistan, Çin və ABŞ siyasi partiyaları ilk pillələri tutarkən, Türkiyənin bir neçə siyasi partiyası da reytinqdə yer alıb.
Reytinqə əsasən, dünyanın ən böyük siyasi partiyası təxminən 198 milyon üzvü ilə Hindistan Xalq Partiyası (Bharatiya Janata Party – BJP) olub. İkinci yerdə 99 milyon üzvü olan Çin Kommunist Partiyası, üçüncü pillədə isə 55 milyon üzvü ilə Hindistan Milli Konqresi qərarlaşıb.
İlk onluğa ABŞ-ın Demokratlar Partiyası və Respublikaçılar Partiyası, həmçinin Hindistan, Pakistan, Tanzaniya və Türkiyədən siyasi partiyalar daxil olub.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 11,709 milyon üzvlə dünyanın ən böyük siyasi partiyaları arasında 10-cu pillədə qərarlaşıb.
Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) isə 1,42 milyon üzvlə siyahıda 32-ci yeri tutub.
Reytinqdə yer alan digər Türkiyə siyasi partiyalarının mövqeləri belədir:
İYİ Partiya – 61-ci yer;
Milliyyətçi Hərəkat Partiyası (MHP) – 65-ci yer;
Yenidən Rifah Partiyası – 80-ci yer;
Demokrat Partiya – 83-cü yer;
Səadət Partiyası – 98-ci yer;
Demokratiya və Tərəqqi Partiyası (DEVA) – 133-cü yer;
Böyük Birlik Partiyası (BBP) – 150-ci yer.
Reytinqin ilk onluğu aşağıdakı kimidir:
Hindistan Xalq Partiyası (BJP) – 198 milyon üzv;
Çin Kommunist Partiyası – 99 milyon üzv;
Hindistan Milli Konqresi – 55 milyon üzv;
ABŞ Demokratlar Partiyası – 45,13 milyon üzv;
ABŞ Respublikaçılar Partiyası – 36,07 milyon üzv;
AIADMK (Hindistan) – 20,04 milyon üzv;
Pakistan Ədalət Hərəkatı (PTI) – 20 milyon üzv;
Dravida Munnetra Kazhagam (DMK, Hindistan) – 20 milyon üzv;
Chama Cha Mapinduzi (Tanzaniya) – 12 milyon üzv;
Ədalət və İnkişaf Partiyası (AK Parti, Türkiyə) – 11,709 milyon üzv.
Qeyd edək ki, Best Diplomats reytinqi siyasi partiyaları əsasən açıqlanmış üzv sayı və təşkilati miqyasına əsasən qiymətləndirir. Reytinq partiyaların seçki nəticələrini və ya siyasi təsir gücünü deyil, üzvlük göstəricilərini əks etdirir.