Türkiyənin ədalət naziri Yılmaz Tunç bildirib ki, Fələstin xalqının legitim hüquqlarının qorunması beynəlxalq hüququn, regional sülhün və insanlığın əsas tələblərindən biridir. O qeyd edib ki, "harada baş verərsə versin ədalətsizlik, bütün dünyada ədalətə qarşı bir təhdiddir". Nazir Tunç bu fikirləri Maltanın paytaxtı Valettada keçirilən Avropa Şurasının Ədalət Nazirləri Konfransı çərçivəsində "1959-dan Rəqəmsal Dövrə: Rəqəmsal Vasitələrlə Ədli Əməkdaşlığın Modernləşdirilməsi" mövzusunda keçirilən iclasda səsləndirib.
#Humanitar fəlakət Qəzza
ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzzada dərhal, şərtsiz və daimi atəşkəs tələb edən qətnamə layihəsini veto edib. Qətnamə eyni zamanda İsraildən humanitar yardımların qarşısındakı bütün məhdudiyyətləri qaldırmağı və HƏMAS da daxil olmaqla fələstinli qrupların əlində saxlanılan girovların azad edilməsini tələb edirdi. Qətnamə layihəsi Şuranın 15 üzvündən seçilmiş 10 üzv tərəfindən hazırlanmışdı və səsvermədə 14 lehinə, 1 əleyhinə nəticə əldə olunmuşdu. ABŞ-ın vetosu sənədin qəbulunu əngəllədi. Bu, Qəzza müharibəsi başlayandan bəri Vaşinqtonun altıncı veto qərarıdır.
Qəzza zolağında İsrailin hücumları və tətbiq etdiyi blokada səbəbindən dərinləşən humanitar fəlakət fonunda, son 24 saatda biri uşaq olmaqla daha 4 fələstinli aclıqdan dünyasını dəyişib. Açıqlamada qeyd olunub ki, son bir sutkada aclıq və qida çatışmazlığı səbəbilə biri uşaq olmaqla 4 nəfər həyatını itirib. Beləliklə, 7 oktyabr 2023-cü ildən bu günə qədər aclıq səbəbilə ölənlərin ümumi sayı 435-ə yüksəlib. Onlardan 147-si uşaqdır. BMT-nin dəstəklədiyi İnteqrə edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) tərəfindən 22 avqust tarixində Qəzzada rəsmi olaraq "aclq vəziyyəti" elan edildiyi gündən bəri 157 nəfərin – onlardan 32-si uşaq olmaqla – aclıq və yetersiz qidalanma səbəbilə həyatını itirdiyi bildirilir. IPC xəbərdarlıq edib ki, bu vəziyyət sentyabr ayının sonunadək Deyr əl-Bələh və Xan Yunis şəhərlərinə də yayıla bilər.
İsrail ordusunun hava bombardmanlarının ardından 15 sentyabrdan etibarən başlatdığı quru hücumlar Qəzza şəhərində humanitar fəlakəti daha da dərinləşdirib. Sürətlə artan hücumlar səbəbilə fələstinlilər şimal bölgələrdən cənuba doğru kütləvi şəkildə köç etməyə məcbur edilir. İsrail ordusu, Qəzza şəhərindəki fələstinlilərin yaşadığı məhəllələri, infrastruktur obyektlərini və yardım nöqtələrini hədəf alır. Bombardmanlardan sonra isə quru hücumları ilə bölgədə tam işğal planını həyata keçirməyə çalışır. Rəsmi məlumata görə, Qəzza Zolağının 88 faizi ya tam işğal olunub, ya da "təxliyə əmrləri" altında fələstinlilərə boşaldılması tələb edilib.
Dünən səhər saatlarından etibarən İsrail ordusunun Qəzza Zolağının müxtəlif bölgələrinə endirdiyi hücumlarda 99 fələstinli həyatını itirib. Xəstəxana mənbələrinin və hadisə şahidlərinin bildirdiyinə görə, İsrail ordusu Qəzzanın müxtəlif bölgələrində fələstinlilərin yaşadığı evləri, çadırları və yardım gözləyən mülki şəxsləri hədəf alıb. İsrail ordusunun Qəzza Zolağının şimalına endirdiyi hücumlarda 77 fələstinli həyatını itirib.
BMT baş katibi Antonio Quterreş çərşənbə axşamı Qəzza şəhərinin “sistematik dağıdılmasını” pisləyib və bildirib ki, İsrailin soyqırımı törədib-törətmədiyi barədə qərarı beynəlxalq məhkəmələr verməlidir. “Baş katibin səlahiyyətlərinə soyqırımı barədə hüquqi qərar vermək aid deyil. Bu, yalnız Beynəlxalq Ədalət Məhkəməsinin səlahiyyətinə daxildir”-deyə Quttereş Quterreş Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən deyib.
Avropa İttifaqı (Aİ) Komissiyası üzv ölkələrə İsrail mallarına tətbiq olunan ticarət imtiyazlarının dayandırılmasını və İsrail rəsmilərinə sanksiyalar tətbiq edilməsini təklif edib. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas və Aİ Komissiyasının Ticarət üzrə üzvü Maros Sefcoviç Brüsseldə keçirdikləri birgə mətbuat konfransında İsrailə qarşı sanksiya təklifinin təfərrüatlarını açıqlayıblar. Kallas bildirib ki, “İsrail hökumətinin Qəzzaya qarşı hücumu müharibənin yeni mərhələsidir və humanitar böhranı daha da dərinləşdirəcək”. O, aşırı sağçı İsrail nazirlərinə, işğal altında olan Fələstin torpaqlarını zəbt edən zorakı məskunlaşma sakinlərinə və onları dəstəkləyən qurumlara qarşı sanksiyalar paketi təqdim etdiyini açıqlayıb.
İsrailin intensiv hücumları altında olan Qəzza zolağının şimal bölgələrində internet və rabitə xidmətləri tamamilə dayandırılıb. Fələstinin telekommunikasiya şirkətləri tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, İsrail ordusunun hücumlarının hədəfi olan Qəzza şəhəri və Şimal vilayətində sabit internet və əlaqə xidmətləri tamamilə kəsilib. Açıqlamada qeyd olunub ki, İsrail ordusu bölgəyə rabitə və internet xidməti göstərən əsas xətləri hədəfə alıb və nəticədə xidmətlərdə kəsinti baş verib. Həmçinin, təhlükələrə baxmayaraq, rabitə xətlərinin bərpası üçün texniki işlərə başlanıldığı vurğulanıb.
İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza şəhərinə yönələn quru hücumunu genişləndirərək intensiv hava zərbələri endirib. Hücumlar nəticəsində azı 17 fələstinli, o cümlədən 7 nəfər Qəzza şəhərində həlak olub, onlarla insan yaralanıb. Fələstin rəsmi agentliyi “Vafa”-nın məlumatına görə, Xən Yunusun Məvasi bölgəsində yerləşən qaçqın çadırına endirilən zərbədə eyni ailədən 3 nəfər həyatını itirib. Mərkəzdə, Nuseyrat düşərgəsində isə bir ailənin evi hədəfə alınaraq ata, hamilə ana və qız övladı öldürülüb. Qəzzanın cənubunda Tel əl-Həva məhəlləsində yerləşən yaşayış mənzilinə hücum zamanı da 2 nəfər ölüb, digərləri yaralanıb.
İsrail ordusu Qəzza şəhərində yerləşən və içərisində 80 xəstənin olduğu Rantisi Uşaq Xəstəxanasını bombalayıb. Qəzzadakı Səhiyyə Nazirliyinin açıqlamasına görə, dünən axşam saatlarında İsrail ordusu xəstəxananın yuxarı mərtəbələrinə bir neçə dəqiqə fasilə ilə üç dəfə hava zərbəsi endirib. Nazirliyin açıqlamasında hücum qınanıb və bu addımın İsrailin Qəzza zolağında səhiyyə sistemini hədəf alma və xidmətləri sıradan çıxarma yönündəki sistematik siyasətinin bir sübutu olduğu bildirilib.
ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzaya başlatdığı genişmiqyaslı quru əməliyyatını “özünümüdafiə” adlandırıb. Tramp çıxışında deyib: “Əgər onlar belə etsələr, böyük bir bəlaya düşəcəklər. Yenə də böyük bəlaya düşəcəklər”. O, HƏMAS-ın girovları “mağaralardan və dərin tunellərdən” hərəkət etdirdiyini iddia edərək bu metodları “əsrlərdir görünməmiş vəhşilik” adlandırıb.
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 59 nəfər artaraq 64 min 964-ə yüksəlib. Qəzzadakı Səhiyyə Nazirliyi tərəfindən yayımlanan yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən ölüm və yaralanma halları ilə bağlı son statistika təqdim olunub. Məlumata görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 59 nəfər meyit və 386 yaralı gətirilib.