BAKI,VOA,Yusif Şərifzadə
İsrail ordusunun Livanın cənubundakı Zəvtər əl-Qərbiyyə qəsəbəsində Livan hərbçilərinin yerləşdirilməsi zamanı onların yaxınlığında atəş açdığı bildirilir. Livan ordusu hadisənin pilot zonalarda yerləşdirmə prosesinə mənfi təsir göstərə biləcəyini açıqlayıb.
VOA xəbər verir ki, Livan ordusunun yaydığı bəyanatda İsrail hərbçilərinin Nəbatiyyə bölgəsində yerləşən Zəvtər əl-Qərbiyyə qəsəbəsində Livan qüvvələrinin yerləşdirilməsi zamanı “əraziyə yaxın hissədə” atəş açdığı bildirilib.
Livan ordusu qeyd edib ki, bu hücum Livan və İsrail arasında əldə olunan razılaşma çərçivəsində yaradılan pilot zonalarda yerləşdirmə tədbirlərinin həyata keçirilməsinə mane ola bilər.
Bəyanatda bildirilib ki, sözügedən proses Livan üzrə Hərbi Koordinasiya Qrupu ilə aparılan əlaqələndirmə çərçivəsində həyata keçirilir.
Zəvtər əl-Qərbiyyə Livanın cənubunda İsrail qüvvələrinin geri çəkilməsindən sonra təhlükəsizliyin Livan ordusuna təhvil verilməsi nəzərdə tutulan “pilot zonalardan” biridir.
ABŞ vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, İsrail qüvvələrinin müəyyən ərazilərdən çıxması və Livan ordusunun həmin bölgələrdə nəzarəti bərpa etməsi planlaşdırılır.