İsrail ordusunun atəşkəsə baxmayaraq son 24 saatda Qəzzada həyata keçirdiyi hücumlarda 45 nəfər həlak olub. Qəzzadaki Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin hücumları nəticəsində baş verən insan tələfatı, yaralılar və dağıntılar altından çıxarılan cəsədlərlə bağlı məlumatlar paylaşılıb. Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara, dağıntılar altından çıxarılan 12 nəfər də daxil olmaqla, ümumilikdə 57 meyit və 158 yaralı gətirilib.
#Qəzzanın yenidən qurulması
Misir, İsrail və Həmasa Şarm əl-Şeyx şəhərində imzalanan Qəzzada atəşkəs sazişinə əməl etməyə çağırıb. Misir Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, nazir Bədr Əbdülati Fransa xarici işlər naziri Jan-Noel Barro və Danimarka xarici işlər naziri Lars Lökke Rasmussenlə telefonla danışıb. Əbdülati qeyd edib ki, Şarm əl-Şeyx şəhərində imzalanan Qəzzada atəşkəs razılaşmasına tərəflərin əməl etməsi son dərəcə vacibdir.
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, Aİ-nin xarici işlər nazirləri Qəzzədə atəşkəsin ardından İsrailə qarşı sanksiya təkliflərinin gələcəyini müzakirə edəcəklər. Kallas bu barədə Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi jurnalistlərə açıqlama verib. Kallasın sözlərinə görə, nazirlər Qəzzada 10 oktyabrda elan edilən atəşkəsdən sonra bölgədəki vəziyyəti və İsrailə qarşı sanksiya təkliflərini nəzərdən keçirəcəklər.
Ankara HƏMAS hərəkatını Trampın təşəbbülünü qəbul etməyə inandırmaq üçün əhəmiyyətli səylər göstərib. Lakin Türkiyənin əldə etdiyi əsas fayda, görünür, sazişin özündən deyil, ABŞ prezidentindən “yaşıl işıq” alaraq “Suriya Demokratik Qüvvələri”nə (SDQ) və bütövlükdə Suriyada hərəkət azadlığını təmin etməsindən ibarətdir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlar üzrə Agentliyinin (UN Women) Cenevrə Ofisinin direktoru Sofiya Kaltorp Qəzzadakı humanitar vəziyyətlə bağlı ciddi xəbərdarlıq edib. O, bölgədə bir milyondan çox qadın və qız uşağının ərzaq yardımına, 250 mininin isə təcili qida dəstəyinə ehtiyacı olduğunu bildirib. Cenevrədə BMT-nin həftəlik mətbuat konfransında çıxış edən Kaltorp, son iki ildə Qəzzada hər saatda orta hesabla iki qadın və ya qız uşağının həyatını itirdiyini xatırladaraq, bunun münaqişənin miqyasını aydın şəkildə göstərdiyini qeyd edib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər HƏMAS hərəkatı Qəzzada insanları öldürməyə davam etsə, “ştatların onları öldürməkdən başqa seçimimiz qalmayacaq”. Bu barədə “Reuters” agentliyi dövlət başçısının Truth Social platformasındakı paylaşımına istinadla məlumat yayıb. “Əgər HƏMAS Qəzzada insanları öldürməyə davam etsə - bu, razılaşmada nəzərdə tutulmamışdı - bizim başqa seçimimiz olmayacaq, ora gedib onları öldürəcəyik,” – deyə Tramp yazıb.
HƏMAS, israilli əsirlərin cəsədlərinin təhvil verilməsinin İsrailin bölgəyə xilasetmə avadanlıqlarının girişinə icazə verməməsi səbəbindən gecikdiyini açıqlayıb. Bu barədə HƏMAS-ın yaydığı bəyanatda bildirilib. “İsrailli əsirlərə aid bəzi cəsədlər işğalçı İsrailin bombardmanları nəticəsində dağılan tunellər və binaların dağıntıları altında qalıb. Gecikmə, İsrailin Qəzzaya xilasetmə avadanlıqlarının daxil olmasına maneə yaratmasından irəli gəlir.” - deyə bəyanətdə qeyd edilir.
ABŞ Prezidenti Donald Tramp, Həmasın Qəzzada bəzi dəstələrə qarşı həyata keçirdiyini iddia etdiyi hücumlarla bağlı sualları cavablandırıb. Ağ Evdə dərman qiymətləri ilə bağlı keçirdiyi mətbuat konfransında çıxış edən Tramp, həm Rusiya–Ukrayna, həm də Qəzza məsələləri barədə fikirlərini bölüşüb. Trampa, əvvəllər bu dəstələrin hədəfə alınmasına qarşı çıxmadığı, sonradan isə əks mövqe tutduğu xatırladılıb. “Orada baş verənləri izləyirəm, nələrin olacağını görəcəyik. Vəziyyət bir qədər sakitləşib. Bu, çox çətin bir bölgədir. HƏMAS-ın öhdəliklərini bilirik və onların bunlara əməl edəcəyini güman edirəm. Ümid edirəm elə də olar.” - deyə Tramp qeyd edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, danışıqlarda Qəzzada atəşkəsin davamlılığının təmin edilməsi və insani yardımların bölgəyə fasiləsiz şəkildə çatdırılması üçün atıla biləcək addımlar müzakirə olunub.
Qəzza Səhiyyə Nazirliyi İsrail ordusunun atəşkəsin qüvvəyə minməsindən sonra da davam edən hücumları nəticəsində 23 fələstinlinin həlak olduğunu, 122 nəfərin isə yaralandığını açıqlayıb. Nazirliyin məlumatına görə, İsrail ordusunun atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda 381 nəfər dağıntılar altından çıxarılıb. Qəzza zolağında hələ də minlərlə insanın dağıntılar altında qaldığı bildirilir.
Qəzzadakı hökumət, İsrailin iki il ərzində həyata keçirdiyi intensiv hava və quru hücumlarının bölgəni “ən böyük humanitar fəlakət”lə üz-üzə qoyduğunu açıqlayıb. Hökumətin Media Ofisinin məlumatına görə, İsrailin hücumları nəticəsində Qəzza zolağında 70 milyon tonadək dağıntı qalıb. Açıqlamada həmçinin bölgədə 20 min partlamamış sursatın təhlükə yaratdığı və onların zərərsizləşdirilməsi üçün xüsusi təlim keçmiş beynəlxalq ekspert qruplarına ehtiyac olduğu vurğulanıb.
Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri, ölkənin Qəzzada yaradılması planlaşdırılan beynəlxalq müşahidə qüvvəsində yer alıb-almayacağı ilə bağlı açıqlama yayıb. Nazirlik bildirib ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) sülhün bərqərar edilməsi və qorunması sahəsində böyük təcrübəyə malikdir və üzərinə düşəcək hər cür vəzifəni yerinə yetirməyə hazırdır.