BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İordaniyada xidmət edən iki amerikalı hərbçinin İranın ballistik raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları zamanı həlak olduğunu, daha bir hərbçinin isə itkin düşdüyünü açıqlayıb.
VOA xəbər verir ki, CENTCOM-un yaydığı bəyanata əsasən, hadisə tərəfdaş qüvvələrin İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumların qarşısını almağa çalışdığı vaxt baş verib. ABŞ ordusu iki hərbçinin "döyüş zamanı həlak olduğunu" (killed in action) təsdiqləyib.
Mərkəzi Komandanlıq əlavə edib ki, hadisə nəticəsində daha bir ABŞ hərbçisi "döyüş zamanı itkin düşmüş" (missing in action) hesab olunur. Onun axtarışlarının davam etdirildiyi bildirilib.
CENTCOM həlak olan və itkin düşən hərbçilərin şəxsiyyətini, xidmət etdikləri bölməni və hadisənin dəqiq baş verdiyi məkanı açıqlamayıb. Hadisə ilə bağlı araşdırmaların davam etdiyi qeyd olunub.
ABŞ ordusunun bəyanatında hücumların İran tərəfindən həyata keçirildiyi bildirilsə də, Tehran tərəfi hələlik bu məlumatla bağlı rəsmi münasibət açıqlamayıb. Məlumat müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.