#Trampın Qəzza planı

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, “İsrail suveren dövlət olaraq öz təhlükəsizlik siyasətini və Qəzza zolağında əməkdaşlıq etməyə razı olduğu beynəlxalq qüvvələri özü müəyyən edəcək”. “Biz təhlükəsizliyimizə özümüz nəzarət edirik və beynəlxalq güclərə aydın şəkildə izah etmişik ki, İsrail hansı qüvvələrin bizim üçün qəbuledilməz olduğunu özü müəyyən edəcək. Biz bu şəkildə hərəkət etmişik və bu istiqamətdə hərəkət etməyə davam edəcəyik”.-deyə o bildirib.

İsrail ordusu Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat bölgəsinə hava hücumu həyata keçirib. İsrail ordusu açıqlamasında bildirib ki, “İslami Cihad” qruplaşmasının döyüşçüləri bölgədə İsrail əsgərlərinə qarşı əməliyyat hazırlığında olub. Bu səbəbdən Nuseyrata hava hücumu həyata keçirilib.

Misirin paytaxtı Qahirədə “HƏMAS” və “Fəth” nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə atəşkəs sazişinin ikinci mərhələsi və Qəzza zolağının gələcək idarəçiliyi ilə bağlı məsələlər müzakirə olunub. Misir kəşfiyyatının vasitəçiliyi ilə keçirilən danışıqlar “müsbət atmosferdə” keçib. Xüsusilə Qəzzanın idarəçiliyi və hakimiyyətin ötürülməsi məsələlərində tərəflərin mövqelərinin yaxınlaşdığı bildirilir.

ABŞ dövlət katibi Marko Rubio İsrailə səfəri zamanı bildirib ki, atəşkəs razılaşması çərçivəsində Qəzzada yaradılması planlaşdırılan beynəlxalq təhlükəsizlik qüvvəsi yalnız İsrailin “rahatlıqla əməkdaşlıq edə biləcəyi” ölkələrdən ibarət olmalıdır. Rubio qeyd edib ki, Qəzzada gələcək idarəçilik modeli hələ İsrail və tərəfdaş ölkələr arasında müzakirə edilməlidir, lakin bu prosesdə HƏMAS yer ala bilməz. Onun sözlərinə görə, Fələstin Muxtariyyətinin mümkün rolu da hələ müəyyən edilməyib.

Ev Yıxımlarına Qarşı İsrail Komitəsinin (ICAHD) rəhbəri, İsrailli antropoloq Jeff Halper bildirib ki, İsrail 2023-cü ilin oktyabrından bəri Qəzza Zolağına etdiyi hücumlarda yüz minlərlə evi, ibadətgahı, məktəbi və mülki infrastrukturu dağıdıb və yenidənqurma layihələrinə Fələstinliləri daxil etmir. Halper bu açıqlamaları, İsrailin Qəzza ərazisində törətdiyi müharibə cinayətlərini araşdırmaq üçün yaradılmış qlobal və müstəqil təşəbbüs olan Qəzza Məhkəməsinin İstanbulda keçirilən son iclası çərçivəsində Anadolu Agentliyinə deyib.

ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına verdiyi müsahibədə bildirib ki, İsrail Qərb Sahilini ilhaq etməyəcək, çünki bu baş verəcəyi təqdirdə ölkə bütün Amerika dəstəyindən məhrum olacaq. İrana edilən hücumdan sonra bu ölkə ciddi şəkildə zəifləyib və nəticədə Orta Şərq artıq əvvəlki kimi deyil.O, hazırda İranın nüvə proqramı uğrunda deyil, mövcudluğunu qorumaq uğrunda mübarizə apardığını bildirib. “Mən hesab edirəm ki, İran artıq sadəcə sağ qalmaq üçün mübarizə aparır, nüvə silahı üçün yox. Nüvə təhlükəsi artıq mövcud deyil. İran obyektlərinə edilən hücum isə mükəmməl idi,” – deyə Tramp vurğulayıb.

ABŞ-ın dövlət katibi Marko Rubio çərşənbə günü xəbərdarlıq edib ki, İsrail parlamentinin - Knessetin - işğal olunmuş Qərb sahilində İsrail suverenliyinin genişləndirilməsinə yönəlmiş qanun layihələrini təsdiqləməsi, Qəzzada qüvvədə olan atəşkəs razılaşmasını “təhlükə altına qoya bilər”. Rubio İsrailə səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib: “Prezident açıq şəkildə bildirib ki, bu addımları dəstəkləmək üçün hazırda münasib vaxt deyil”. O qeyd edib ki, Knessetdə təqdim olunan qanun layihələrinin qəbul edilməsi “atəşkəsə təhdid yaradar” və “əks nəticələr doğura bilər”.

ABŞ Prezidenti Donald Tramp, Budapeştdə keçirilməsi planlaşdırılan, lakin ləğv edilən Rusiya Prezidenti Vladimir Putinlə görüşü barədə danışıb. Tramp, NATO Baş katibi Mark Rutteni Ağ Evdə qəbul edərkən mətbuat nümayəndələrinin suallarını cavablandırıb və gündəmi dəyərləndirib. O, Putinlə keçirilməsi gözlənilən, lakin son anda ləğv olunan sammitlə bağlı açıqlama verib. “Prezident Putinlə olan görüşü ləğv etdim, çünki mənə doğru gəlmədi. Qarşımıza qoyduğumuz məqsədə çata biləcəyimizi düşünmədim. Buna görə ləğv etdim, amma gələcəkdə bu görüş baş tutacaq.” - deyə Tramp qeyd edib.

İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, Hamas Fələstinin gələcəyində siyasi rol oynamaqdan imtina etmədən və silahı yerə qoymadan, İtaliyanın Fələstin Dövlətini tanıması mümkün deyil. Meloni bu fikirləri 23–24 oktyabrda Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi öncəsi parlamentin yuxarı palatası olan Senatda çıxışı zamanı səsləndirib. O, həm beynəlxalq gündəmin aktual məsələləri, həm də hökumətinin bu məsələlərə münasibəti barədə məlumat verib.

ABŞ-ın Dövlət katibi Marko Rubio Qəzzada əldə olunan atəşkəsin detalları və icrası ilə bağlı müzakirələr aparmaq üçün İsrailə səfər edəcək. İsrail mediasında yayılan xəbərlərə görə, Rubio iki günlük səfəri çərçivəsində sabah İsrailə çatacaq. Məlumata görə, səfərin əsas gündəm mövzusunu Qəzzada razılaşdırılan atəşkəsin tətbiqi təşkil edir. Rubionun səfəri ABŞ-ın bölgədəki diplomatik səylərinin davamı kimi qiymətləndirilir. Qeyd edilir ki, bundan öncə ABŞ vitse-prezidenti Cey Di Vans, Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner də bu həftə Qəzzada atəşkəsin davamlılığını təmin etmək məqsədilə İsrailə səfər etmişdilər.