BAKI,VOA, Fərid Mikayılov
2026-cı il FIFA Dünya Çempionatının İspaniya və Argentina arasında keçiriləcək final oyunu turnir tarixində bir sıra ilklərlə yadda qalacaq.
VOA xəbər verir ki, final qarşılaşması 80 min tamaşaçı tutumuna malik Nyu-York–Nyu-Cersi stadionunda baş tutacaq. İlk dəfə olaraq Dünya Çempionatının finalında Super Bowl formatına bənzər fasilə şousu təşkil ediləcək.
Şou proqramının kuratoru "Coldplay" qrupunun solisti Kris Martin olacaq. Səhnədə Castin Biber, Şakira, Burna Boy, BTS, Madonna və venesuelalı dirijor Qustavo Dudamel çıxış edəcək.
FIFA-nın dünyada uşaqların keyfiyyətli təhsil və futbola çıxış imkanlarını genişləndirmək məqsədilə 100 milyon dollar toplamağı hədəflədiyi şounun müddəti isə müzakirələrə səbəb olub. Qurum əvvəlcə fasilənin 11 dəqiqə davam edəcəyini açıqlasa da, ümumi fasilə vaxtının 20 dəqiqəni keçəcəyi gözlənilir. Halbuki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) qaydalarına əsasən, fasilə 15 dəqiqədən artıq olmamalıdır.
Dünya çempionlarına ilk dəfə üzük təqdim olunacaq
2026-cı il Dünya Çempionatının qaliblərinə tarixdə ilk dəfə çempionluq üzükləri təqdim ediləcək.
Mükafatlandırma mərasimində kubok və medallarla yanaşı, qalib komandanın baş məşqçisi və kapitanına simvolik üzük veriləcək. Daha sonra isə fərdiləşdirilmiş 30 üzük çempion komandanın üzvlərinə təqdim olunacaq.
İspaniya və Argentina Dünya Çempionatında ikinci dəfə üz-üzə gələcək
İspaniya və Argentina Dünya Çempionatları tarixində ikinci dəfə finalda qarşılaşacaq. Komandalar arasında ilk görüş 1966-cı il mundialının qrup mərhələsində baş tutmuş və Argentina 2:1 hesabı ilə qalib gəlmişdi.
Bu final həm də turnir tarixində ilk dəfə son Avropa çempionu ilə son Cənubi Amerika çempionunun həlledici oyunda üz-üzə gəlməsi ilə əlamətdar olacaq.
Bundan əlavə, FIFA reytinqi tətbiq olunduğu 1992-ci ildən bəri ilk dəfə dünya reytinqinin ilk iki pilləsində qərarlaşan komandalar finalda qarşılaşacaq.
İspaniya ikinci, Argentina isə dördüncü titulu hədəfləyir
İspaniya 2010-cu ildən sonra tarixində ikinci dəfə dünya çempionu olmağa çalışacaq. Argentina isə 1978, 1986 və 2022-ci illərdən sonra dördüncü çempionluğunu qazanmaq niyyətindədir.
İspaniya qələbə qazanacağı təqdirdə, birdən çox Dünya Çempionatı qazanan yeddinci ölkə olacaq. Bununla yanaşı, həm kişi, həm də qadınlar arasında dünya çempionu titulunu eyni vaxtda əlində saxlayan ilk ölkə kimi tarixə düşəcək.
İspaniya müdafiəsi və De la Fuentenin rekord seriyası
İspaniya turnirdə keçirdiyi yeddi oyunda cəmi bir qol buraxıb. Komanda Dünya Çempionatı tarixində bir turnirdə altı oyunda qapısını toxunulmaz saxlayan ilk yığma olub.
Baş məşqçi Luis de la Fuente isə Dünya Çempionatı və Avropa çempionatları tarixində ilk 14 oyununda məğlub olmayan ilk mütəxəssis kimi rekord müəyyənləşdirib. Onun rəhbərliyi altında İspaniya son 37 oyunda uduzmayıb.
Messi və Skalonini tarixi rekordlar gözləyir
Argentina millisinin baş məşqçisi Lionel Skaloni finalda qalib gələcəyi halda, 1934 və 1938-ci illərdə ardıcıl dünya çempionu olan italiyalı Vittorio Potsonun rekorduna şərik olacaq.
39 yaşlı Lionel Messi isə meydana çıxacağı təqdirdə, braziliyalı Kafudan sonra üç Dünya Çempionatı finalında iştirak edən ikinci futbolçu olacaq.
Messi finalda fərqlənərsə, Dünya Çempionatının iki müxtəlif finalında qol vuran altıncı futbolçu kimi də tarixə düşəcək. Daha əvvəl buna Vava, Pele, Paul Braytner, Zinəddin Zidan və Kilian Mbappe nail olublar.
Bundan başqa, Aleksis Mak Allister 13 oyunluq məğlubiyyətsiz seriyası ilə Dünya Çempionatları tarixində ən uzun məğlubiyyətsiz rekordun sahibi olub.