BAKI,VOA, Fərid Mikayılov
İran raketlərinin ABŞ qüvvələrinin Qərbi Asiyadakı əsas logistika və əməliyyat mərkəzlərindən biri hesab olunan İordaniyanın Muvaffaq Salti aviabazasını vurduğu iddia olunur.
VOA xəbər verir ki, bildirilir ki, ABŞ ordusunun regiondakı fəaliyyətində mühüm rol oynayan hərbi obyekt hücuma məruz qalıb.
Hücum fonunda Küveytdə üçüncü dəfə hava həyəcanı siqnalları verilib, Bəhreyn Daxili İşlər Nazirliyi isə sakinlərə təhlükəsiz yerlərə sığınmaları barədə növbəti dəfə çağırış edib.
İordaniya ordusu hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən atıldığı bildirilən 10 raketi zərərsizləşdirdiyini açıqlasa da, ərəb KİV-ləri aviabazanın raket zərbələrinə məruz qaldığını iddia edir.
Küveyt rəsmiləri ölkədə bir sıra hərbi obyektlərin və kritik infrastrukturun ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alındığını təsdiqləyiblər. Küveytin Elektrik Nazirliyinin məlumatına görə, elektrik və duzsuzlaşdırma zavodlarından biri vurulub, nəticədə güclü yanğın baş verib, elektrik və su təchizatında fasilələr yaranıb. Hücum zamanı hərbi qulluqçular arasında yaralananların olduğu bildirilib.
Bununla yanaşı, Küveyt, Bəhreyn və İordaniya rəsmiləri öz ərazilərində yerləşən ABŞ hərbi bazaları və onların İrana qarşı əməliyyatlarda istifadəsi ilə bağlı hər hansı açıqlama verməyiblər.
İran isə daha əvvəl də bəyan edib ki, regiondakı ABŞ hərbi obyektlərinə endirilən zərbələr BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən həyata keçirilən özünümüdafiə tədbiridir və İran ərazisinə davam edən ABŞ hücumlarına cavab xarakteri daşıyır.