#Tehran

İran Xarici İşlər Nazirliyi ölkənin xarici siyasət idarəsinin rəhbəri Abbas Əraqçi ilə misirli həmkarı Bədr Əbdülati arasında telefon danışığının baş tutduğu barədə rəsmi məlumat yayıb. Tərəflər bölgədəki hərbi eskalasiyanın ağır nəticələrini və sülh imkanlarını dəyərləndiriblər. İran XİN-in bəyanatına görə, Abbas Əraqçi misirli həmkarı ilə söhbətində ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi təcavüzün bölgədə yaratdığı təhlükəli fəsadları geniş müzakirə edib. Əraqçi Tehranın bu hücumlara qarşı mövqeyini bir daha vurğulayıb.

ABŞ-ın "Axios" xəbər saytı Türkiyənin son iki gündür ABŞ ilə İran arasındakı kritik mesaj trafikini idarə edən əsas ölkələrdən biri olduğunu bildirib. Prosesə Misir və Pakistan da qoşulub. "Axios"un məlumatına görə, Türkiyə, Misir və Pakistanla birlikdə gərginliyi azaltmaq məqsədilə ABŞ və İran arasında vasitəçilik missiyasını həyata keçirir. Tərəflər arasında intensiv mesaj mübadiləsi davam edir.

Rusiya Prezidenti Vladimir Putin Novruz bayramı münasibətilə İran rəhbərliyini təbrik edərək Moskvanın Tehran üçün “sadiq dost və etibarlı tərəfdaş” olaraq qalacağını bildirib. Putin Rusiyanın İranla münasibətlərə önəm verdiyini və əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəsi nüvə silahı əldə etmək niyyətində deyil və regionda gərginliyin azalmasının tərəfdarıdır. O qeyd edib ki, Novruz İran mədəniyyətində yeni başlanğıc rəmzidir və mövcud şəraitdə buna hər zamankından daha çox ehtiyac var.

ABŞ-ın Ər-Riyaddakı səfirliyinin yaydığı yazılı açıqlamada vətəndaşlara təhlükəsiz şəkildə səyahət edə bildikləri halda kommersiya reysləri ilə ölkədən ayrılmaları tövsiyə olunub. Açıqlamada Ər-Riyad, Ciddə və Dammam hava limanlarının fəaliyyətini davam etdirdiyi qeyd olunub və ABŞ vətəndaşlarının təhlükəsiz şəkildə ölkədən çıxmalarının təşviq edildiyi vurğulanıb.

Bildirilir ki, hücum dalğası region ölkələrinin Riyad şəhərində son vəziyyəti müzakirə etdiyi görüşdən sonra həyata keçirilib. İran tərəfi Basra körfəzi ölkələrində ABŞ ilə əlaqəli enerji obyektlərini hədəf alacağını bəyan edib. Məlumata görə, daha əvvəl ABŞ və İsrail İranın Əsəluye neft emalı zavoduna və Cənub Pars qaz yatağına zərbələr endirib. Bunun ardınca İran Silahlı Qüvvələri region ölkələrində yerləşən bəzi enerji obyektlərinə qarşı xəbərdarlıq etmiş və təxliyə çağırışı etmişdi.

İranın endirdiyi zərbələr nəticəsində İsrailin mərkəzi hissəsində yerləşən Ramat Qan bölgəsində iki nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Məlumata görə, hücum zamanı çoxsaylı döyüş başlıqları daşıyan raketlərdən istifadə olunub ki, bu da hava hücumundan müdafiə sistemlərini aşmaq məqsədi daşıyıb. İsrail mediası partlayışlardan sonra qəlpələrin geniş əraziyə yayıldığını və ciddi dağıntılar törətdiyini bildirib.

İranın İsrailə raket zərbələri Tel-Əviv və ətraf bölgələrdə həyəcan siqnallarına səbəb olub. İran tərəfindən yeni raket hücumunun başladığı barədə məlumat yayıldıqdan sonra İsrailin mərkəzi bölgələrində, xüsusilə Tel-Əvivdə sirenlər səslənib. Məlumata görə, hücum nəticəsində bəzi binalar və nəqliyyat vasitələri zərər görüb, Holon şəhərindəki dəmir yolu stansiyasında maddi ziyan qeydə alınıb.