BAKI,VOA, Fərid Mikayılov
İran milli komandasının 2026-cı il dünya çempionatındakı iştirak formatı qeyri-müəyyən olaraq qalır.
VOA xəbər verir ki, Tehran təhlükəsizlik səbəblərinə görə ABŞ-da keçirilməsi planlaşdırılan oyunların başqa ölkəyə köçürülməsi üçün təşəbbüs irəli sürüb.
İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib ki, komandanın ABŞ-da keçirilməsi nəzərdə tutulan bütün oyunlarının Meksikaya köçürülməsi üçün FIFA ilə danışıqlar aparılır.
Tac ABŞ prezidenti Donald Trampın İran yığmasının təhlükəsizliyi ilə bağlı verdiyi bəyanata istinad edərək qeyd edib ki, əgər təhlükəsizlik təmin olunmazsa, komanda ABŞ-a səfər etməyəcək.
Federasiya rəhbəri vurğulayıb ki, milli komandanın təhlükəsizliyi təmin edilmədiyi halda ABŞ-da oyun keçirmək mümkün deyil.
Onun sözlərinə görə, mövcud şəraitdə Meksika alternativ ev sahibi kimi nəzərdən keçirilir.
Bundan əvvəl İranın idman naziri Əhməd Donyamali ABŞ və İsrailin Tehrana qarşı hava zərbələrindən sonra ölkənin dünya çempionatında iştirakının “mümkünsüz” ola biləcəyini açıqlamışdı.
Meksika variantı isə yarışdan tam imtina əvəzinə kompromis həll kimi qiymətləndirilir.
Hazırkı təqvimə əsasən İranın Los-Ancelesdə Yeni Zelandiya və Belçika, Sietldə isə Misirlə qarşılaşması nəzərdə tutulur.
Lakin bu planın dəyişdirilməsi ehtimalı gündəmdədir.
FIFA İran tərəfinin müraciəti ilə bağlı hələ rəsmi mövqe açıqlamayıb.