İsrailin paytaxt Beyrutun cənubundakı Dahiyə bölgəsi və Livanın cənubundakı müxtəlif məntəqələrə təşkil etdiyi hava hücumlarında 11 nəfərin yaralandığı bildirilib. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail qüvvələri cənubdakı Ayta əş-Şab qəsəbəsinin kənarlarına doğru irəliləyərkən, həm qəsəbəyə, həm də onun ətrafına intensiv hava zərbələri endirib.
#Livan İsrail gərginliyi
İsrail ordusunun gecə saatlarından başlayaraq Livanın müxtəlif nöqtələrinə təşkil etdiyi hava hücumları nəticəsində insan itkiləri kəskin artıb. Livanın rəsmi NNA agentliyinin yaydığı məlumata görə, son zərbələr nəticəsində həyatını itirənlərin ümumi sayı 23 nəfərə yüksəlib. Hücumların ən ağır nəticəsi Sur şəhərinin Burç Kalavay bölgəsində qeydə alınıb. İsrail döyüş təyyarələrinin buradakı tibb müəssisəsini hədəf alması nəticəsində 12 səhiyyə işçisi həyatını itirib. Livan Səhiyyə Nazirliyi tibbi personalın hədəf alınması ilə bağlı ilkin rəqəmləri təsdiqləyərək hadisəni kəskin pisləyib.
Avstraliya hökuməti regionda pisləşən təhlükəsizlik vəziyyətini əsas gətirərək, Livanda fəaliyyət göstərən qeyri-vacib diplomatik heyətinə ölkəni dərhal tərk etmək barədə tapşırıq verib. Avstraliyanın xarici işlər naziri Penni Vonq rəsmi sosial media hesabı vasitəsilə bildiriş yayaraq, bu addımın vətəndaşların və dövlət qulluqçularının təhlükəsizliyini qorumaq məqsədilə atıldığını vurğulayıb. Nazir qeyd edib ki, yalnız məhdud sayda heyət bölgədə qalan Avstraliya vətəndaşlarına konsulluq xidmətləri göstərmək üçün ölkədə fəaliyyətini davam etdirəcək.
İsrail ordusunun Livanın cənubu, Bekaa bölgəsi və paytaxt Beyruta təşkil etdiyi son hava hücumları nəticəsində 5 nəfərin həyatını itirdiyi bildirilib. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, ölkənin cənubundakı Sur şəhərində İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) bir avtomobili hədəf alıb və nəticədə 1 nəfər dünyasını dəyişib. Eyni zamanda, Bekaa bölgəsinin Ber Elyas rayonunda bir mənzilə endirilən zərbə nəticəsində "Camaat-i İslami" təşkilatının rəsmisi Yusuf ed-Dahukun iki oğlu həlak olub, özü isə ağır yaralanıb.
İsrail ordusunun 2 mart tarixindən etibarən Livana qarşı başlatdığı hərbi əməliyyatlar genişlənərək paytaxt Beyrutun mərkəzi və sahil hissələrini hədəf almağa davam edir. Son məlumatlara görə, İsrail hərbi təyyarələri şəhərin Dahiye və Remle Beyda bölgələrinə intensiv hava zərbələri endirib. Şahidlərin bildirdiyinə görə, Beyrutun mərkəzində şiddətli patlayış və aşağı hündürlükdə uçan qırıcıların səsləri eşidilib, vurulan nöqtələrdən qara dumanlar yüksəlib. Xüsusilə gecə saatlarında Remle Beyda sahilində həyata keçirilən hücumda dəniz kənarındakı bir avtomobilin hədəf alındığı və zərbənin gücündən dəniz suyunun metrlərlə hündürlüyə qalxdığı görüntülənib.
İsrail ordusunun Livanın müxtəlif bölgələrinə təşkil etdiyi hava hücumlarında daha 17 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail hərbi təyyarələri ölkənin cənubundakı Əl-Ənsariyyə qəsəbəsinə intensiv zərbələr endirib. Eyni zamanda, Sur şəhərinin cənub-şərqində yerləşən Hoş bölgəsində bir kafe İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəf alınıb. Səhiyyə Nazirliyi isə Beyrutun cənubundakı Avzai bölgəsində motosikletin hədəf alındığı hücumda bir nəfərin öldüyünü, Kana və Hoş qəsəbələrində isə ümumilikdə 6 nəfərin həlak olduğunu, çox sayda insanın yaralandığını açıqlayıb. Şərqi Zavtar, Kılaviyyə və Hinnaviyyə qəsəbələrində də ölümlə nəticələnən zərbələr qeydə alınıb.
İsrail hərbi təyyarələrinin Livanın cənubunda yerləşən Nəbatiyə şəhərinə bağlı Cəbşit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində 6 nəfər həyatını itirib. Ölənlərdən 4-nün eyni ailənin üzvləri olduğu bildirilir. Livanın rəsmi xəbər agentliyi NNA-nın yaydığı məlumata görə, İsrail hərbi təyyarələri Cəbşit qəsəbəsində bir neçə hava hücumu həyata keçirib. Hücum nəticəsində 6 nəfər həlak olub, onlardan 4-ü eyni ailənin üzvləri olub. Bildirilir ki, İsrail təyyarələri səhər saatlarında qəsəbədə başqa bir yaşayış evini də hədəfə alıb. Hücum nəticəsində həmin ev tamamilə dağılıb.
Livanın Təhsil və Ali Təhsil Nazirliyi ölkədəki mövcud hərbi vəziyyətlə əlaqədar rəsmi bəyanat yayıb. Açıqlamada bildirilir ki, can təhlükəsizliyi və fövqəladə təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, ölkə daxilindəki bütün özəl və dövlət məktəblərində, həmçinin peşə və texniki təhsil müəssisələrində təhsil müvəqqəti olaraq dayandırılıb. Nazirlik hadisələrin gedişatını anbaan izlədiyini və qərarların gündəlik təhlükəsizlik qiymətləndirmələrinə uyğun olaraq yenilənəcəyini vurğulayıb.
Livan hakimiyyəti bildirib ki, bazar günü ölkənin şərqində, Suriya sərhədi yaxınlığında İsrailin həyata keçirdiyi hava zərbəsi nəticəsində 4 nəfər həlak olub. AFP-nin məlumatına görə, İsrail tərəfi zərbənin Fələstinin “İslami Cihad” qruplaşmasının üzvlərinə qarşı yönəldiyini açıqlayıb. 2024-cü ilin noyabrında İsrail ilə Hizbullah arasında bir ildən artıq davam edən qarşıdurmanı dayandırmaq məqsədilə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livan ərazisinə mütəmadi zərbələr endirməyə davam edir. Rəsmi Tel-Əviv adətən hücumların İranın dəstəklədiyi Hizbullahı hədəf aldığını bildirir, lakin bəzi hallarda Fələstin qruplaşmalarını, o cümlədən HƏMAS-ı da hədəf seçdiyini qeyd edir.
Paris cümə axşamı Fransa, Səudiyyə Ərəbistanı, ABŞ və Livanın nümayəndələrini bir araya gətirən dördtərəfli görüşə ev sahibliyi edəcək. Görüş İsrailin mümkün hərbi eskalasiyasının bir ildən artıqdır qüvvədə olan atəşkəs razılaşmasını pozacağı ilə bağlı artan narahatlıqlar fonunda baş tutacaq. Fransalı rəsmilər bildiriblər ki, İsrailin müharibəni bərpa etməklə bağlı təkrarlanan və açıq təhdidləri Livan üçün təcili təhlükə yaradır. Paris həmçinin ABŞ-ın İsrailin niyyətləri ilə bağlı mövqeyindəki qeyri-müəyyənlikdən narahatdır. Fransada hakim olan rəyə görə, ABŞ prezidenti Donald Tramp administrasiyası İsraili cilovlamağa meyilli deyil.
İsrail hərbi təyyarələri Livanın cənub və şərq bölgələrinə hava hücumları həyata keçirib. İsrail 27 noyabr 2024-cü ildə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Livana qarşı hücumlarını davam etdirir. İsrail hərbi təyyarələri ölkənin cənubundakı Çarmak, Mahmhudiye, Zarariye, Ansar, Tuffahta, Beyseriyye, Rafi Dağı, Saced, Reyhan, Armata, Ceba, Tebne və Vadi Bengol bölgələrini hədəf alıb. Bundan əlavə, Livanın şərqindəki Qərbi Bekaa bölgəsində Zalaya Vadisinə də 4 hava hücumu həyata keçirilib.
Livan ilə İsrail arasındakı müzakirələr ABŞ və Avropanın güclü təzyiqləri altında davam edir və tərəflər masaya fərqli prioritetlərlə gəlirlər. Vatikan Dövlət Başçısı Papa XIV Leo-nun Livan səfərini tamamlamasının ardından, İsrail və Livan 3 dekabrda "Mexanizm" kimi tanınan Atəşkəsi Nəzarət Komitəsinin toplantılarına qarşılıqlı olaraq mülki nümayəndə göndərməyi qərara alaraq müzakirə prosesini yeni mərhələyə daşıyıb. ABŞ və Avropanın təzyiqi ilə sürət qazanan prosesdə, Livan heyətinə mülki nümayəndə kimi təyin edilən Səfir Simon Keremin səlahiyyətləri və müzakirələrin gündəliyi ətrafında mübahisələr ortaya çıxıb.