#Livan İsrail gərginliyi

Beyrutun cənubunda “Hizbullah” komandiri Heysəm əl-Təbtabainin qətlə yetirilməsi bölgədə 2024-cü ilin payız müharibəsi ssenarisinin təkrarlanması qorxularını artırıb. O vaxtkı genişmiqyaslı qarşıdurma İsrailin ardıcıl yüksək səviyyəli hədəflərə yönələn suiqəstləri ilə başlamışdı. Lakin hazırkı regional və beynəlxalq şərait, xüsusilə də Qəzzada ötən ay elan edilən atəşkəs və ABŞ layihəsinin BMT-də qəbul edilməsi fonunda həmin ssenarinin tam şəkildə geri dönməsi ehtimalı daha zəif görünür.

Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Hüquqları Ali Komissarlığının sözçüsü Thameen Al-Kheetan bildirib ki, İsrail ordusunun hücumları, 2024-cü ilin noyabrında Lübnanda atəşkəsin qüvvəyə mindiyi dövrdən bəri ən az 127 mülki şəxsin ölümünə səbəb olub. Al-Kheetan Cenevrədəki BMT ofisində keçirilən həftəlik mətbuat konfransında İsrail-Lübnan atəşkəsinin əldə edilməsindən təxminən bir il keçdiyini xatırladıb və İsrail ordusunun hücumlarının artdığını, bunun nəticəsində Lübnanda mülki şəxslərin hədəf alındığını bildirib.

İsrail ordusu, 27 noyabr 2024-cü il tarixində əldə olunan atəşkəs razılaşmasına baxmayaraq Lübnana qarşı hücumlarını davam etdirir. İsrailin yenidən Livana hava zərbələri endirdiyi bildirilib. Qeyd olunur ki, İsrail 8 oktyabr 2023-cü ildən başlayan hücumları ilə 2024-cü ilin sentyabrında genişmiqyaslı müharibəyə səbəb olmuş, münaqişədə 4 mindən çox insan həyatını itirmiş, təxminən 17 min nəfər yaralanmışdı.

İsrail ordusu Livanın cənubundakı Sur vilayətində bir əraziyə hava zərbəsi endirib. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, hücum Tora və Abbasiye qəsəbələri arasındakı açıq ərazini hədəf alıb. Hadisə yerinə təcili tibbi yardım qrupları göndərilib. Livan rəsmiləri hücumla bağlı və mümkün itkilər barədə hələlik açıqlama verməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə zərbə endirilən ərazidən qalxan tüstü müşahidə olunur.

İsrail işğal altında saxladığı ərazilərdən qoşunlarını çıxarmalıdır ki, Livan ordusu cənub sərhədində tam yerləşmə prosesini başa çatdıra bilsin. Bunu ölkə prezidenti Cozef Aun Beyrutda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə görüşündə bildirib. Prezident Administrasiyasının yaydığı açıqlamada Aunun sözlərinə istinadən bildirilib ki, “Livan hərbçiləri hazırda Litani çayından cənubdakı ərazilərin 85 faizinə nəzarət edir. Lakin beynəlxalq səviyyədə tanınmış sərhəddə yerləşməyə İsrail mane olur və aqressiv hücumlarını davam etdirir.”

İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.