BAKI,VOA, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət münasibətlərində gərginliyin artdığı bir vaxtda iki ölkənin sərhədində yerləşən Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirdiklərini bildirib.
VOA xəbər verir ki, Donald Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Ontario gölü ABŞ-nin Nyu-York ştatı ilə Kanadanın Ontario əyaləti arasında yerləşir.
“ABŞ Ontario gölünün adının Amerika gölü olaraq dəyişdirilməsini ciddi şəkildə nəzərdən keçirir, çünki artıq Ontario ilə iş görəcəyimizi düşünmürük”, – Tramp bildirib.
ABŞ Prezidenti başqa bir paylaşımında Kanadanın Baş naziri Mark Karninin ABŞ ilə ticarət sazişi layihəsinin Kanadada fransız dilinə qarşı təhdidlər yaratması barədə iddialarına da münasibət bildirib.
Tramp kanadalıların fransız dilində danışmasına müdaxilə etmək niyyətində olmadığını deyib. O, Karnini əhalisinin əksəriyyətinin fransız dilində danışdığı Kvebek əyaləti ilə bağlı siyasi addımlar atmaqda ittiham edib.
Trampın açıqlamaları ABŞ ilə Kanada arasında ticarət gərginliyinin yüksəldiyi, eyni zamanda onun Ontario əyalətinin Baş naziri Duq Fordla qarşılıqlı sərt bəyanatlar səsləndirdiyi dövrə təsadüf edir.
ABŞ-Kanada ticarət gərginliyi artır
İki ölkə arasında aparılan ticarət danışıqlarının ötən həftə nəticəsiz qalmasından sonra Tramp gələn ildən Kanadadan idxal edilən avtomobillər, yük maşınları, avtomobil ehtiyat hissələri və polada tətbiq edilən gömrük rüsumlarının 50 faizə qaldırılacağını açıqlayıb.
Kanadanın Baş naziri Mark Karni isə ölkəsinin işçilərini, fermerlərini, ailələrini və müəssisələrini qorumaq məqsədilə Vaşinqtonun yeni gömrük rüsumlarına eyni səviyyədə cavab verəcəyini bildirib.
Ontario əyalətinin Baş naziri Duq Ford da ABŞ-nin gömrük siyasətini sərt şəkildə tənqid edib. Tramp isə Fordun açıqlamalarını “lovğalanma” kimi qiymətləndirib.
Ontario gölü ilə bağlı açıqlama Trampın coğrafi obyektlərin adlarının dəyişdirilməsi ilə bağlı əvvəlki təşəbbüslərini də yenidən gündəmə gətirib. ABŞ Prezidenti daha əvvəl Meksika körfəzinin ABŞ daxilində “Amerika körfəzi” adlandırılmasını nəzərdə tutan sərəncam imzalamışdı.