BAKI,VOA, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Tramp İrana qarşı tətbiq olunan iqtisadi təzyiqlərin nəticə verdiyini bildirib və Tehranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini bir daha bəyan edib.
VOA xəbər verir ki, Tramp bu barədə “Fox News”a müsahibəsində ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibəni şərh edərkən danışıb.
ABŞ Prezidenti İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq Körfəz ölkələrinə zərbələr endirməsinin özü də daxil olmaqla bir çoxlarını təəccübləndirdiyini bildirib.
“İran nüvə silahına sahib olmayacaq”, – deyə Tramp vurğulayıb.
O iddia edib ki, Tehranın Körfəz ölkələrinə qarşı hücumları İranın nüvə silahına malik olacağı təqdirdə ondan istifadə edə biləcəyi ehtimalını göstərir.
Trampın fikrincə, İranın nüvə silahından mümkün istifadəsi Yaxın Şərq və İsrail üçün ciddi təhlükə yarada, daha sonra Avropa və ABŞ-ni də hədəfə çevirə bilər.
ABŞ Prezidenti, həmçinin İsrailin təhlükəsizliyi ilə bağlı danışaraq, özü prezident olmasaydı, İsrailin mövcudluğunun təhlükə altında qalacağını iddia edib.
Tramp ABŞ-nin dəniz mühasirəsinin və İrana qarşı iqtisadi təzyiqlərin nəticə verdiyini də bildirib. O, İranı “çökməkdə olan ölkə” kimi xarakterizə edib.