#minaların təmizlənməsi

İran Hörmüz boğazında minaların təmizlənməsi ilə bağlı Fransa və Omanın təşəbbüsünə etiraz edib. Xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, bu məsələ yalnız İranın məsuliyyət dairəsinə daxildir. Onun sözlərinə görə, Tehran heç bir xarici dövlətin bu prosesə qoşulmasına icazə verməyəcək. Açıqlama Fransa Prezidenti Emmanuel Makronun Hörmüz boğazında birgə fəaliyyət planı barədə bəyanatından sonra verilib. İran rəsmisi bölgədə vəziyyətin həssas olduğunu vurğulayıb. O, Fransanı əlavə gərginlik yaradacaq addımlardan çəkinməyə çağırıb. Hörmüz boğazı ətrafında diplomatik müzakirələr və fikir ayrılıqları davam edir.

Fransa Prezidenti Emmanuel Makron Oman Sultanı Heysəm bin Tariq Al Səid ilə Parisdə keçirdiyi görüşdən sonra Hörmüz boğazı ilə bağlı mühüm açıqlama verib. O bildirib ki, Fransa və Oman tərəfdaşları ilə birlikdə boğazda minaların təmizlənməsi üzrə əməkdaşlıq edəcək. Məqsəd dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyini təmin etmək və boğazdan sərbəst keçidi qorumaqdır. Tərəflər bölgədə gərginliyin azaldılması üçün də birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər. Makron bu addımın beynəlxalq ticarətin təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur. Buna görə də burada təhlükəsizliyin təmin edilməsi beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyır.