Küveyt Dövləti bəyan edib ki, münaqişələrlə bağlı ərzaq təhlükəsizliyi problemi artıq sırf humanitar məsələ deyil, beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə birbaşa bağlı amilə çevrilib. Ölkə mövcud beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin və müharibə metodu kimi mülki şəxslərin aclığa məruz qoyulmasının qarşısının alınmasının zəruriliyini vurğulayıb.
#Qəzza zolağı
Qətər İsrail qüvvələrinin işğal altındakı Şərqi Qüdsdə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) mühüm obyektlərindən birinə basqın etməsini kəskin şəkildə pisləyib. Doha hadisəni beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.
Qəzza zolağında uşaqların çərpələng uçurması İsrail ilə Fələstin arasında növbəti mübahisə mövzusuna çevrilib. İsrailin bununla bağlı “Sülh Şurası”na şikayət etməsindən sonra qurum Qəzzada çərpələng uçurulmasını da “silahlı fəaliyyət” kimi qiymətləndirib. İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz daha əvvəl çərpələng, pilotsuz uçuş aparatları və şarlardan istifadə dayandırılmadığı təqdirdə hərbi əməliyyatların gücləndiriləcəyi və həmin ərazilərdə yaşayan insanların təxliyə ediləcəyi barədə xəbərdarlıq ediblər.
Qəzzada son 48 saat ərzində İsrail hücumları nəticəsində azı iki fələstinli ölüb. Daha dörd nəfərin yaralandığı bildirilir. Məlumatı Qəzza zolağının Səhiyyə Nazirliyi yayıb. Nazirliyin məlumatına görə, ötən ilki atəşkəsdən sonra ölənlərin sayı 1 285 nəfərə çatıb. Eyni dövrdə 4 252 nəfərin yaralandığı bildirilir. 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada ölənlərin ümumi sayı 73 419 nəfər göstərilir. Yaralıların sayının isə 174 364 nəfərə çatdığı açıqlanıb. Son itkilər bölgədə atəşkəsdən sonra da ölüm hallarının davam etdiyini göstərir.
İsrailin Qəzza zolağına son 48 saat ərzində həyata keçirdiyi hücumlarda azı 5 fələstinli öldürülüb. Yeni hücumlar nəticəsində 18 nəfərin yaralandığı bildirilib. Qəzza zolağının Səhiyyə Nazirliyi ölən və yaralananların sayını açıqlayıb. Məlumata görə, ötən ilin oktyabrında atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumlarında 1 265 nəfər öldürülüb. Həmin müddətdə 4 198 nəfər yaralanıb. 2023-cü ilin oktyabrından bəri Qəzzada ölənlərin ümumi sayı 73 399 nəfərə çatıb. Eyni dövrdə 174 310 nəfərin yaralandığı qeyd olunub. Bölgədə humanitar vəziyyət ağır olaraq qalır.
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında hər gecə 30–40 nəfərin hədəfli şəkildə məhv edilməsinə çağırış edib. Ben-Qvir bu açıqlamanı vaxtilə Qəzzada saxlanılmış keçmiş girov Rom Braslavskinin təqdim etdiyi podkastda səsləndirib. İsrailin 7 oktyabr 2023-cü il hücumundan sonrakı vəziyyətini müzakirə edərkən nazir son vaxtlar Qəzzaya endirilən zərbələrin intensivliyinin azalmasını tənqid edib.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner avqustun 16-da Misirdə Fələstin HƏMAS hərəkatının lideri Xəlil əl-Hayya ilə danışıqlar aparıblar. Danışıqlarda Misir, Qətər və Türkiyənin vasitəçi nümayəndələri də iştirak ediblər. Görüşün iki saatdan çox davam etdiyi və əsas diqqətin Vaşinqtonun təklif etdiyi yol xəritəsinin HƏMAS tərəfindən qəbul edilməsinə hazırlığın qiymətləndirilməsinə yönəldiyi bildirilib.
HƏMAS hərəkatının nümayəndə heyəti Qəzza zolağı üçün müharibədən sonrakı planın icrasını irəlilətmək yollarını müzakirə etmək məqsədilə bazar günü Misirin kəşfiyyat rəhbəri Həsən Rəşad ilə görüşüb. HƏMAS lideri Xəlil əl-Həyyanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın planının tamamlanmasına sadiqliyini bir daha təsdiqləyib.
Qəzza zolağının Səhiyyə Nazirliyi İsrailin son 48 saat ərzində həyata keçirdiyi hücumlarda azı 2 fələstinlinin öldüyünü, 14 nəfərin isə yaralandığını açıqlayıb. Nazirliyin məlumatına görə, 2025-ci ilin oktyabrında atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumları nəticəsində 1 262 fələstinli həlak olub. Eyni dövrdə 4 168 nəfərin yaralandığı bildirilib. Nazirlik 2023-cü ilin oktyabrından bəri Qəzzada İsrailin müharibəsi nəticəsində azı 73 391 nəfərin öldüyünü açıqlayıb. Yaralananların ümumi sayı isə 174 280 nəfərdir. Yeni hücumlar Qəzzada onsuz da ağır olan humanitar vəziyyəti daha da pisləşdirir. Atəşkəsə baxmayaraq, bölgədə hücumların davam etməsi narahatlıq doğurur. Tibb müəssisələrinin fəaliyyəti və yaralıların müalicəsi də ciddi çətinliklərlə üzləşir.
ABŞ Prezidenti Donald Tramp ötən ayın sonunda özünün yaratdığı Sülh Şurası tərəfindən hazırlanmış HƏMAS-ın tərksilah edilməsinə dair yeni planı ictimaiyyətə açıqlayıb. O, bu təşəbbüsü "dağıntı burulğanına son qoymaq", eləcə də fələstinlilərin müqəddəratını təyinetmə və müstəqil dövlət quruculuğu yolunda etibarlı bir prosesə başlamaq cəhdi kimi təqdim edib.
İsrailin müdafiə naziri İsrael Kats ordunun Livanın cənubunda uzun müddət qalmağa hazırlaşdığını bildirib. Onun sözlərinə görə, “Hizbullah” tərksilah edilmədən İsrail qüvvələri nəzarət etdikləri ərazilərdən geri çəkilməyəcək. Kats ordunun bölgədə uzunmüddətli mövcudluğa hazırlaşması barədə göstəriş verdiyini açıqlayıb. İsrail hökuməti “Hizbullah”ın yaratdığı təhlükənin bütün Livan ərazisində aradan qaldırılmasını tələb edir. Oxşar mövqeyi Baş nazir Benyamin Netanyahu Qəzza zolağı ilə bağlı da nümayiş etdirir. Netanyahu HƏMAS tam tərksilah olunmadan İsrail qüvvələrinin Qəzzadan geri çəkilməsinə qarşı çıxır. ABŞ-nin təklif etdiyi plan isə tərksilah və İsrail qüvvələrinin geri çəkilməsinin mərhələli şəkildə həyata keçirilməsini nəzərdə tutur. İsrail rəhbərliyinin bu açıqlamaları ölkədə keçiriləcək seçkilər ərəfəsində təhlükəsizlik məsələlərinin siyasi gündəmdə ön plana çıxdığı bir vaxtda səsləndirilir.
İsrailin Baş naziri Binyamin Netanyahu Qəzzada atəşkəsin ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı Sülh Şurasının açıqladığı 15 maddəlik yol xəritəsini qəbul etmədiklərini bildirib. Netanyahu İsrail ordusunun HƏMAS tamamilə silahsızlandırılmayana qədər Qəzza zolağında nəzarət etdiyi ərazilərdən geri çəkilməyəcəyini açıqlayıb.