BAKI,VOA,Yusif Şərifzadə
İsveçrənin aparıcı təkrarsığorta şirkətlərindən olan Swiss Re bildirib ki, Fransa və İspaniyada davam edən genişmiqyaslı meşə yanğınları gələcəkdə sığortaya tələbatın artmasına səbəb ola bilər.
VOA xəbər verir ki, Swiss Re şirkətinin fəlakət riskləri üzrə rəhbəri Balts Qrollimundun sözlərinə görə, Cənubi Avropada meşə yanğınlarından dəyən zərərlər adətən dövlət sığorta fondları tərəfindən qarşılanmır. Bu səbəbdən ev sahibləri risklərdən qorunmaq üçün fərdi qaydada özəl sığorta əldə etməlidirlər. O qeyd edib ki, sığorta təminatı ilə bağlı boşluqlar ölkələr arasında əhəmiyyətli dərəcədə fərqlənir.
Qrollimund bildirib ki, dünya üzrə meşə yanğınları nəticəsində sığortalanmış zərərlərin həcmi 1970-ci ildən bəri real ifadədə hər il orta hesabla təxminən 12 faiz artıb. Onun sözlərinə görə, bu artım digər əsas hava hadisələri ilə müqayisədə daha sürətlidir.
Şirkət rəsmisi əlavə edib ki, iqlim dəyişikliyi nəticəsində xüsusilə Avropanın cənub-qərbində meşə yanğınlarının baş verməsi üçün əlverişli şərait daha tez-tez yaranır. Bu isə Avropada meşə yanğınları riskinin qiymətləndirilməsini getdikcə daha vacib edir.
Swiss Re hazırkı yanğınların maliyyə itkilərini və şirkətin fəaliyyətinə mümkün təsirini qiymətləndirmək üçün hələ tez olduğunu bildirib.