BAKI,VOA,Yusif Şərifzadə
Kanadanın qərb bölgələrində yeni meşə yanğınları başlayıb, Ontario əyalətində isə meşələrdə alovun yayılması davam edib. Baş nazir Mark Karni ölkənin tarixdə qeydə alınmış ən intensiv yanğın mövsümlərindən biri ilə üzləşdiyini bildirib.
VOA xəbər verir ki, son bir həftə ərzində qeydə alınan təxminən 34 min ildırım çaxması Britaniya Kolumbiyasının cənubunda çoxsaylı yanğınlara səbəb olub və əhalinin təxliyəsi barədə göstərişlərin verilməsinə gətirib çıxarıb.
Cümə günü səhər saatlarına olan məlumata görə, Britaniya Kolumbiyasında 25 təxliyə əmri qüvvədə olub və 90 fəal meşə yanğını qeydə alınıb. Əyalət rəsmiləri havanın daha da istiləşməsi və quraqlaşmasının mövcud yanğınların genişlənməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Vankuverdən təxminən 520 kilometr məsafədə yerləşən Kimberli şəhəri yaxınlığındakı yanğınlarla mübarizəyə rəhbərlik edən Hyu Merdok hava şəraitinin əlverişli olmadığını bildirib. Onun sözlərinə görə, yaxın günlərdə təbiətin yanğınsöndürmə işlərinə ciddi kömək göstərəcəyi gözlənilmir.
Yüksək temperatur və ildırım çaxmaları ilə güclənən meşə yanğınları yay aylarında Kanadanın ucqar meşəlik ərazilərində geniş sahələri əhatə edib. Ötən həftə yanğınların tüstüsü ABŞ-nin şərq sahillərində və Orta Qərb bölgəsində yerləşən iri şəhərlərə qədər yayılıb.
Ontario əyalətinin şimal-qərb hissəsində 139 fəal meşə yanğını qeydə alınıb. Onlardan 32-nin hələ də nəzarət altına alınmadığı bildirilib.
Kanadanın Ətraf Mühit Qurumu cümə günü Alberta əyalətinin Banff şəhəri və ətraf ərazilər üçün havanın keyfiyyətinin pisləşməsi ilə bağlı xəbərdarlıq yayıb. Bununla yanaşı, həftə sonu əksər bölgələrdə vəziyyətin yaxşılaşacağı gözlənilir.