#meşə yanğınları

Əlcəzairdə meşə yanğınları nəticəsində azı 12 nəfər həyatını itirib, alovun yaşayış məntəqələrinə yaxınlaşması səbəbilə ölkənin şərqində təxliyə tədbirləri həyata keçirilir. Əlcəzair Daxili İşlər naziri Səid Sayudun sözlərinə görə, ölənlərdən 5-i Jijel, 4-ü Bejaia, 3-ü isə Tizi Uzu vilayətlərində qeydə alınıb. Mülki Müdafiə Xidmətinin məlumatına əsasən, ölkənin şərqində 16 vilayəti əhatə edən 159 meşə və bitki örtüyü yanğını qeydə alınıb. Onlardan 90-ı söndürülüb, 69 yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Avropa İttifaqı meşə yanğınları ilə mübarizədə Serbiyaya əlavə yardım göndərir. Yardım Mülki Müdafiə Mexanizmi çərçivəsində həyata keçiriləcək. Serbiyaya dörd yanğınsöndürmə helikopteri göndərilməsi nəzərdə tutulur. Almaniya 55 yanğınsöndürən və 24 xüsusi nəqliyyat vasitəsi ayıracaq. Rumıniya isə 69 yanğınsöndürən və 15 nəqliyyat vasitəsi göndərəcək. Deliblatska Peşçara ərazisində yanğınlar iyulun sonlarından davam edir və minlərlə hektar şam meşəsi məhv olub. Rusiya da Serbiyaya İl-76P yanğınsöndürmə təyyarəsi göndərib. Serbiya rəsmiləri vəziyyətin sabitləşdiyini bildirsələr də, güclü külək səbəbindən yanğınların yenidən genişlənməsi təhlükəsi qalır.

Avropanın bir sıra ölkələrində meşə yanğınları turizm bölgələrinə ciddi təhlükə yaradıb. Xorvatiya, Almaniya, Fransa və Yunanıstanda baş verən yanğınlar nəticəsində minlərlə insan təxliyə edilib. Xorvatiyanın Omiş şəhərində təxminən 1 000 nəfər təhlükəsiz ərazilərə köçürülüb, 36 nəfər tibbi yardım alıb və yeddi nəfərin vəziyyətinin ağır olduğu bildirilib. Almaniyada 2 000-dən çox insan meşə yanğını səbəbindən evlərini tərk edib. Fransanın Landes bölgəsində isə 525 nəfər Luqlon kəndindən təxliyə olunub. Yunanıstanın Halkidiki bölgəsində də yüzlərlə turist yanğının sahilə yaxınlaşması səbəbindən ərazidən uzaqlaşdırılıb. Alimlər yüksək temperatur və quraqlığın iqlim dəyişiklikləri ilə əlaqəli olduğunu bildirirlər. Avropada istilik dalğalarının və quraqlığın davam etməsi meşə yanğınları təhlükəsinin yüksək olaraq qalmasına səbəb olur.

Swiss Re Fransa və İspaniyadakı meşə yanğınlarının sığortaya tələbatı artıra biləcəyini açıqlayıb. Şirkət Cənubi Avropada ev sahiblərinin çox vaxt özəl sığortaya güvəndiyini bildirib. Meşə yanğınlarından sığortalanmış zərərlərin son onilliklərdə sürətlə artdığı qeyd olunub. Swiss Re bunu iqlim dəyişikliyi ilə əlaqələndirib. Xüsusilə Avropanın cənub-qərbində risklərin artdığı vurğulanıb. Hazırkı yanğınların maliyyə nəticələrini qiymətləndirmək üçün isə hələ tez olduğu bildirilib. Şirkət risk qiymətləndirilməsinin əhəmiyyətinin artdığını qeyd edib.

Türkiyə Fransada davam edən güclü meşə yanğınlarının söndürülməsinə dəstək məqsədilə iki yanğınsöndürmə təyyarəsi göndərib. Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı açıqlamasında bildirib ki, təyyarələr Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Fransaya yola salınıb.

Fransanın cənub-qərbində meşə yanğınları səbəbindən 197 mindən çox insan təxliyə edilib. Salon sakini Məhəmməd Laabar ailəsi ilə birlikdə Bordoya sığınsa da, tüstü həmin şəhərə də çatıb. O bildirib ki, bu cür fəlakətlərin gələcəkdə daha tez-tez baş verəcəyini düşünür. Kap Ferre yarımadası yanğınlardan ən çox zərər görən ərazilərdən biridir. Prezident Emmanuel Makron yanğınlarla mübarizəyə ordunu da cəlb edib. Rəsmi məlumata görə, rekord istilər nəticəsində ölkədə təxminən 6 min əlavə ölüm qeydə alınıb. Yanğınlarla mübarizə və təxliyə tədbirləri davam edir.

Kanadanın qərbində yeni meşə yanğınları başlayıb, Ontario əyalətində isə alovun yayılması davam edir. Son bir həftədə təxminən 34 min ildırım çaxması Britaniya Kolumbiyasında çoxsaylı yanğınlara səbəb olub. Əyalətdə 25 təxliyə əmri qüvvədədir və 90 fəal yanğın qeydə alınıb. Rəsmilər isti və quraq havanın yanğınların genişlənməsinə gətirib çıxara biləcəyini bildiriblər. Ontario əyalətinin şimal-qərbində 139 fəal yanğın var və onların 32-si nəzarət altında deyil. Yanğınların tüstüsü ötən həftə ABŞ-nin bir sıra iri şəhərlərinə qədər çatıb. Banff və ətraf bölgələrdə havanın keyfiyyəti ilə bağlı xəbərdarlıq edilib. Həftə sonu bəzi ərazilərdə vəziyyətin yaxşılaşacağı gözlənilir.

Portuqaliya hökuməti meşə yanğınları təhlükəsinin artması səbəbindən Avropa İttifaqı, İspaniya və Mərakeşdən əlavə yanğınsöndürmə təyyarələri üçün dəstək istəyib. Baş nazir Luiş Monteneqru bildirib ki, ölkə qarşıdakı günlərdə fövqəladə risklə üzləşəcək. Bir sıra bölgələrdə havanın temperaturu 40 dərəcəni keçib və qırmızı hava xəbərdarlığı elan olunub. Ölkədə xüsusi hazırlıq rejimi tətbiq edilir. Meşə ərazilərinə giriş məhdudlaşdırılıb və bəzi fəaliyyət növlərinə qadağa qoyulub. Hazırda altı meşə yanğını ilə mübarizə aparılır. Söndürmə işlərinə minlərlə əməkdaş, yüzlərlə texnika və onlarla təyyarə cəlb edilib.

Türkiyədə son illərdə baş verən təbii fəlakətlərin statistikası ölkədə xüsusilə meşə yanğınları, daşqınlar və torpaq sürüşmələrinin ciddi risk olaraq qaldığını göstərir. Məlumatlar Fəlakətlərin İdarə Olunması və Qərarların Dəstəklənməsi Sistemi (AYDES) əsasında hazırlanıb. 2024-cü ildə Türkiyədə ümumilikdə minlərlə təbii fəlakət hadisəsi qeydə alınıb. Ən çox rast gəlinən hadisə meşə yanğınları olub. İl ərzində 5 321 meşə yanğını baş verib. Bundan başqa, 1 818 daşqın və sel, 332 torpaq sürüşməsi, 194 zəlzələ, 83 qar uçqunu və güclü qar yağıntısı, həmçinin 19 mədən qəzası qeydə alınıb.

Türkiyənin Alanya şəhərində meşəlik ərazidə səbəbi hələ məlum olmayan yanğın başlayıb. Küləyin təsiri ilə qısa müddətdə yayılan alovlar başqa məhəllələrinə çatıb. Hadisə ilə bağlı edilən məlumatdan sonra əraziyə Alanya Meşə Təsərrüfatı İdarəsinə bağlı çoxsaylı su maşını (arazöz), ilkin yardım vasitələri və personal, həmçinin yanğınsöndürmə, təcili yardım, jandarma, AFAD və İHH qrupları cəlb olunub. Yanğın səbəbilə Şıhlar məhəlləsindəki evlər boşaldılıb. Məhəllədə yaşayan 7 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəli zonadan uzaqlaşdırılıb.

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı, ölkədə 2025-ci il ərzində 5 min 832 meşə yanğını ilə mübarizə aparıldığını bildirib. Nazir bildirib ki, hazırda Karabük-Kastamonu sərhədində və Kastamonunun Araç bölgəsində 2 yanğın davam edir. Nazir Yumaklı qeyd edib ki, son 24 saat ərzində 3 fərqli vilayətdə baş vermiş 3 yanğın nəzarət altına alınıb. Lakin Karabükün Eflani bölgəsindən başlayaraq Kastamonunun Araç bölgəsinə yayılan bir yanğın və elə Araç bölgəsində yaranmış digər bir yanğın hələ də davam edir. Hər iki ərazi sıx meşələrlə və çətin relyeflə — qayalıqlar və kanyonlarla — əhatə olunub. Hazırda həm havadan, həm də qurudan genişmiqyaslı müdaxilə tədbirləri görülür.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ölkənin müxtəlif bölgələrində davam edən meşə yanğınları ilə bağlı açıqlama verib. Nazir Aydın vilayətinin Buharkent ərazisində başlayaraq Denizli vilayətinin Buldan rayonuna yayılan yanğının gücünün azaldıldığını bildirib. Onun sözlərinə görə, Bartın vilayətinin Ulus rayonundakı yanğın böyük ölçüdə nəzarət altına alınıb, Aydın vilayətinin Efeler bölgəsindəki yanğının da intensivliyi azaldılıb.