BAKI,VOA, Fərid Mikayılov
Türkiyə Avropada davam edən genişmiqyaslı meşə yanğınları ilə mübarizəyə dəstəyini davam etdirir. İspaniyadan sonra Fransanın müraciəti əsasında da bu ölkəyə iki yanğınsöndürmə təyyarəsi göndərilib.
VOA xəbər verir ki, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, Avropada günlərdir davam edən meşə yanğınları bu fəlakətlə mübarizənin nə qədər çətin olduğunu bir daha göstərir.
Nazirin sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə əvvəlcə İspaniyaya iki yanğınsöndürmə təyyarəsi göndərilib. Fransanın da yardım müraciətindən sonra daha iki təyyarə bu ölkədə yanğınların söndürülməsinə cəlb olunub.
Yumaklı vurğulayıb ki, Türkiyə malik olduğu imkanlar və uzun illər ərzində qazandığı təcrübə sayəsində təkcə öz meşələrini deyil, ehtiyac yarandıqda digər ölkələrin meşələrini də qorumaq üçün üzərinə düşən məsuliyyəti yerinə yetirir.
Nazir missiyaya yollanan ekipajlara uğurlar arzulayaraq qeyd edib ki, meşələr gələcək nəsillərə ötürüləcək ən qiymətli sərvətlərdən biridir və bu məsuliyyət hissi ilə beynəlxalq həmrəylik davam etdiriləcək.