BAKI,VOA,Yusif Şərifzadə
BMT-nin Baş katibi Antonio Quterreş Suriyaya səfəri çərçivəsində Colan təpələrində yerləşən BMT sülhməramlı qüvvələrinin mövqelərinə baş çəkəcək. Quterreş bu səfəri Suriya xalqı ilə həmrəylik nümayişi kimi dəyərləndirib.
VOA xəbər verir ki, Antonio Quterreş səfər zamanı Suriya Prezidenti Əhməd əl-Şəra ilə görüş keçirib. Müşahidəçilər bu görüşü yeni Suriya rəhbərliyi üçün mühüm beynəlxalq siyasi dəstək kimi qiymətləndirirlər.
Səfər proqramının əsas hissələrindən birini 1974-cü ildə müəyyən edilmiş ayırıcı xətt boyunca fəaliyyət göstərən BMT qüvvələrinin yerləşdiyi Colan təpələrinə səfər təşkil edir.
Məlumata görə, Suriya rəhbərliyi İsrailin son dövrlərdə ölkənin cənubunda, xüsusilə də Colan təpələri ətrafında, eləcə də Dəra və Quneytra bölgələrində həyata keçirdiyi hərbi əməliyyatlar və irəliləyişlərlə bağlı narahatlığını BMT Baş katibinin diqqətinə çatdırmağı planlaşdırır.
Quterreşin Dəməşqdə olduğu müddətdə şəhərdə, xüsusilə Xalq Sarayı və Tişrin Sarayına aparan yollar boyunca təhlükəsizlik tədbirləri gücləndirilib.
Colan təpələrinə planlaşdırılan səfərin bölgədə davam edən təhlükəsizlik gərginliyi səbəbindən xüsusi diqqət mərkəzində olduğu bildirilir.
Suriya hökuməti isə BMT Baş katibinin səfərinin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.