BAKI,VOA,Yusif Şərifzadə
Yəmənin ABŞ-dakı səfiri Cəmilə Əli Raca husilərin son hücumlarının ayrı-ayrı hadisələr deyil, İranın Yaxın Şərqdə təsirini genişləndirməyə yönəlmiş daha geniş strategiyasının bir hissəsi olduğunu bildirib.
VOA xəbər verir ki, Cəmilə Əli Raca Vaşinqtonda Middle East Institute tərəfindən təşkil olunan dəyirmi masada çıxışı zamanı İranın dəstəklədiyi husilərin uzun müddətdir sülh təşəbbüslərinə mane olduğunu, Yəmənin iqtisadiyyatını zəiflətdiyini və beynəlxalq gəmiçiliyi təhlükə altına saldığını deyib.
Yəmənin dövlət xəbər agentliyi Saba-nın yaydığı məlumata görə, səfir husilərin son hücumlarının "quldurluq xarakterli ayrı-ayrı hadisələr deyil, İranın regional təsirini artırmağa yönəlmiş strategiyasının tərkib hissəsi" olduğunu bildirib.
Racanın sözlərinə görə, husilər Yəmənin milli maraqlarından daha çox Tehranın regional gündəminə xidmət edirlər.
Səfir əlavə edib ki, 2022-ci ildən bəri neft ixracı obyektlərinə edilən hücumlar nəticəsində Yəmən hökuməti təxminən 6 milyard ABŞ dolları məbləğində gəlir itkisinə məruz qalıb.
Hazırda Yəmənin paytaxtı Səna və ölkənin şimalının böyük hissəsinə nəzarət edən husilər isə 2023-cü ilin sonlarından etibarən Qırmızı dəniz və Ədən körfəzində gəmilərə hücumlarını Qəzzada fələstinlilərlə həmrəylik nümayiş etdirmək məqsədi daşıdığını bildirirlər.