BAKI,VOA,Yusif Şərifzadə
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr ABŞ və İsrailə qarşı həyata keçirilən hərbi əməliyyatların davam edəcəyini bildirib. O, İranın mülki şəxslərin, xüsusilə də uşaqların ölümünə görə cavab veriləcəyini bəyan edib.
VOA xəbər verir ki, İranın dövlət xəbər agentliyi IRNA-nın yaydığı məlumata əsasən, Məhəmməd Baqir Zülqədr İran Silahlı Qüvvələrinin əməliyyatlarının "düşmən tam məğlub edilənədək" davam edəcəyini söyləyib.
Zülqədr bildirib ki, ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə, eləcə də Minab və Lamerd şəhərlərində həyatını itirən uşaqlara görə cavab veriləcək.
Onun sözlərinə görə, İran qüvvələrinin dəqiq hədəflərə yönəlmiş zərbələri bu məqsədlərə nail olunana qədər və bundan sonra da davam etdiriləcək.
İran rəsmiləri bildirirlər ki, ən ağır itkilərə səbəb olan hücumlardan biri ölkənin cənubundakı Minab şəhərində yerləşən qız məktəbinə endirilən zərbə olub.
İran hakimiyyətinin məlumatına görə, həmin hücum nəticəsində 165 nəfər həlak olub, 95 nəfər yaralanıb. Rəsmi məlumatda ölən və yaralananların əksəriyyətinin uşaqlar olduğu qeyd edilir.
ABŞ və İsrail tərəfi isə İranın bu iddiaları ilə bağlı hələlik rəsmi açıqlama verməyib.