BAKI,VOA,Yusif Şərifzadə
İran Prezident Administrasiyası dövlət televiziya və radio qurumu olan IRIB-i Prezident Məsud Pezeşkianın açıqlamalarının bir hissəsini yayımdan çıxarmaqda ittiham edib. Bunun ardınca yüksəkvəzifəli iranlı rəsmi dövlət yayımçısını daha geniş siyasi baxışlara yer verməyə çağırıb.
VOA xəbər verir ki, İran Dövlət Televiziya və Radio Şirkətinə (IRIB) nəzarət edən müşahidə şurasının sözçüsü Məhəmməd Mirzayi dövlət yayımçısının "milli birliyin simvollarından biri" kimi fəaliyyət göstərməli olduğunu bildirib.
Mirzayi qeyd edib ki, IRIB qanun çərçivəsində fəaliyyət göstərən müxtəlif siyasi qrupların "məqbul nümayəndələrinə" efirdə yer ayırmalı və daha fərqli baxışların səsləndirilməsinə imkan yaratmalıdır.
O, həmçinin IRIB rəhbərliyini gələcəkdə oxşar yayım mübahisələrinin qarşısını almaq üçün düzgün idarəetmə və zəruri tədbirlər görməyə çağırıb.
Müşahidə şurasının bu açıqlaması Prezident Məsud Pezeşkianın ofisinin dövlət televiziyasının televiziya müsahibəsi zamanı prezidentin bəzi fikirlərini yayımdan çıxardığını bildirməsindən sonra verilib.
IRIB isə bu ittihamlarla bağlı hələlik rəsmi açıqlama verməyib.