BAKI,VOA,Yusif Şərifzadə
Qətər işğal altındakı İordan çayının qərb sahilində fələstinli kəndlərə qarşı İsrailli məskunlaşmaçıların həyata keçirdiyi hücumları qəti şəkildə pisləyib. Rəsmi Doha bu hadisələrin beynəlxalq hüququn pozulması olduğunu vurğulayıb.
VOA xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi yaydığı bəyanatda hücumların İsrail hökumətinin məskunlaşmaçılara hərbi qüvvələrin himayəsi altında yeni zorakılıq aktları törətməsinə şərait yaradan siyasətinin nəticəsi olduğunu bildirib.
Nazirlik bəyan edib ki, İsrail beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməli, məskunlaşmaçıların hücumlarına son qoymalı və bu əməlləri törədən şəxsləri məsuliyyətə cəlb etməlidir.
Qətər eyni zamanda beynəlxalq ictimaiyyəti fələstinli mülki əhalinin müdafiəsi üçün təsirli addımlar atmağa çağırıb.
Bəyanatda Dohanın Fələstin məsələsinin ədalətli həllinə verdiyi dəyişməz dəstəyin davam etdiyi bir daha vurğulanıb.
İsrail tərəfi isə Qətərin bu bəyanatı ilə bağlı hələlik rəsmi münasibət bildirməyib.