BAKI,VOA Nailə Babazadə
Donald Tramp administrasiyası İranla gərginliyin davam etdiyi bir şəraitdə Hörmüz boğazında dəniz nəqliyyatını yenidən canlandırmaq üçün beynəlxalq koalisiya formalaşdırmağa başlayıb.
VOA xəbər verir ki,ABŞ Dövlət Departamentinin rəsmisi Hörmüz boğazı ilə bağlı yeni koalisiya cəhdləri barədə yayılan xəbərləri təsdiqləyib. "Wall Street Journal" (WSJ) qəzetinin ilk olaraq paylaşdığı məlumata görə, yeni yaradılan "Dəniz Yolu Azadlığı Bölməsi" (MFC) gəmilərin bu sulardan təhlükəsiz keçidini təmin etmək üçün fəaliyyət göstərəcək. Qurum real vaxt rejimində məlumat mübadiləsi, təhlükəsizlik təlimatları və koordinasiya işlərini həyata keçirəcək.
Dövlət Departamenti rəsmisi vurğulayıb ki, ABŞ və İran arasındakı gərginlik səbəbindən Hörmüz boğazında hərəkətin məhdudlaşması qlobal enerji daşımaları üçün ciddi problemdir. Vaşinqtonda qurulacaq mərkəzi bölmə müttəfiq ölkələrin paytaxtları ilə sıx təmasda olacaq.
Məlumata görə, ABŞ-ın xarici ölkələrdəki səfirliklərinə daxili yazışmalar göndərilib. Bu sənədlərdə diplomatlardan xarici hökumətləri boğazın tam fəaliyyətini bərpa etmək üçün yaradılacaq beynəlxalq koalisiyaya qoşulmağa razı salmaq xahiş olunub. Bu beynəlxalq platformanın bölgədə naviqasiya təhlükəsizliyini təmin etmək üçün kritik rol oynayacağı gözlənilir.