BAKI,VOA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkəmizin Kamboca ilə ikitərəfli münasibətlərə və qarşılıqlı dəstəyə, həmçinin hökumətlərimiz və hakim partiyalar səviyyələrində təmaslara böyük önəm verdiyini deyərək, yalnız siyasi deyil, eyni zamanda, iqtisadiyyat, investisiyalar sahələrində əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmağın önəminə toxundu, Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirdi.
Qəbula görə dövlətimizin başçısına təşəkkürünü ifadə edən səfir Kambocanın Kralı Norodom Sihamoninin və Baş naziri Hun Manetin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kambocanın Kralına və Baş nazirinə çatdırmağı xahiş etdi.
Səfir Kambocanın Azərbaycanla dost münasibətlərə yüksək dəyər verdiyini vurğuladı. O, ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan və Kambocanın dayanıqlı inkişaf, beynəlxalq sülh və sabitlik məsələlərində eyni mövqedən çıxış etdiklərini dedi.
İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən səfir ticarət, turizm, mədəniyyət, xalqlarası təmaslar sahələrində münasibətlərimizin genişəndirilməsi üçün səylərini əsirgəməcəyini vurğuladı.
Görüşdə Azərbaycanın və Kambocanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnunluq bildirildi.
Kambocanın Baş nazirin ölkəmizə gözlənilən səfərinin ikitərəfli əlaqələrimizin daha da inkişafı üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə olundu.